Bir neçə gün sonra dəhşətli müharibə olacaq – İran müraciət etdi

Bir neçə gün sonra dəhşətli müharibə olacaq – İran müraciət etdi
21.09.2026 11:55 Təhlil

İranın mərkəzi hərbi komandanlığı – Xatəmül-Ənbiya qərargahı – açıqlama verib. Bildirilir ki, ABŞ regiondakı bəzi ölkələrdən icazə alıb və İrana qarşı əməliyyatları yenidən başlatmağa hazırlaşır.

Tehranın da  ritorikası dəyişib. İran bildirir ki, hər hansı hücuma cavab yalnız Amerika bazalarına yox, həmin bazaları yerləşdirən ölkələrə də yönələcək.

Yəni Körfəz ölkələri də birbaşa hədəfə çevrilə bilər. 

Eyni günlərdə parlamentin mühafizəkar qanadı Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq üçün təcili qanun layihəsi təqdim edib. 

130-dan çox deputat artıq sənədə imza atıb. Onların fikrincə, müqavilə İranın nüvə obyektlərini qorumadı, hücumların qarşısını almadı, IAEA isə təzyiq alətinə çevrildi. İndi çıxış yolu kimi müqavilədən ayrılmaq və öz yolunu tutmaq təklif olunur.

Görünür,  farslar nüvə məsələsində yeni mərhələyə keçid edirlər. 

Xatırlayırsınızsa,  “Canfəda” (yanfəda – İran uğrunda qurban) kampaniyası  ilə 31  milyon könüllü  insan qeydiyyatdan keçmişdi. Rəqəmin şişirdildiyi ilə bağlı mübahisələr olsa da, kampaniyanın özü realdır. 

Tehranda minlərlə insan hərbi geyimdə yürüş edib, könüllü batalyonlar formalaşdırılır. Hökumət isə sərhəd bölgələrində hazırlığı artırır. Ordu komandanlığı bildirir ki, şimal-qərb, qərb, cənub-qərb və şərq sərhədlərində böyük qüvvələr yerləşdirilib.

Bu, müdafiə hazırlığıdır, amma miqyası müharibə ərəfəsini xatırladır. 

Bütün bunlar bir araya gələndə mənzərə aydınlaşır. 

Fevraldan bəri davam edən qarşıdurma bir neçə dəfə səngisə də, Hörmüz boğazı, tanker hücumları və qarşılıqlı zərbələr davam edir. 

İndi İran tərəfi açıq şəkildə bildirir ki, yeni hücum dalğası yaxındır və cavab verməyə hazırdır. Parlament nüvə seçimini masaya qoyur.

Milyonlarla insan “qurban verməyə” hazırdır. 

Bu, artıq diplomatik oyun və ya təbliğat kampaniyasını çoxdan keçib. 

Hərbi hazırlıq, siyasi qərarlar və kütləvi səfərbərlik eyni vaxtda gedir. Regionda gərginlik artıq kritik həddə çatıb. Əgər ABŞ zərbələri bərpa etsə və ya İran cavab verərsə, hadisələr qısa müddətdə genişmiqyaslı toqquşmaya çevriləcək.

Bir neçə gün, bəlkə də bir həftə...

Vəziyyət elədir ki, böyük müharibənin gəldiyini demək indi reallığa ən yaxın ehtimaldır. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər