Bakı-London bileti Tiflis-Bakıdan ucuzdursa, Borçalıda İranı necə qabaqlayacağıq? - TƏHLİL
Sosial şəbəkələrdə Borçalıdakı vəziyyət və İranın bölgədəki ideoloji-mədəni fəallığı ətrafında aparılan müzakirələrdə diqqətçəkən bir paradoks gündəmə gəlib. Məsələyə münasibət bildirən şəxslər vurğulayırlar ki, bu gün Bakı-London aviabiletinin qiyməti Tiflis-Bakı reysindən daha ucuz başa gəlir və nəqliyyat-sərhəd məhdudiyyətləri səbəbindən soydaşlarımız nə yasda, nə də xeyirdə yaxınlarının yanında ola bilirlər.
Bəzi dairələr bu məhdudiyyətləri təhlükəsizlik amili ilə əsaslandırsa da, əslində bölgədəki gediş-gəlişin çətinləşməsi tam əks effekt verir və strateji baxımdan daha böyük risklər yaradır. Borçalı ilə Bakı arasında nəqliyyat əlaqəsinin bahalı və əlçatmaz olması illərdir formalaşan qohumluq, mədəni və mənəvi bağları zəiflədir. Xeyirdə və şərdə bir yerdə ola bilməyən insanların Vətənlə fiziki ünsiyyəti azaldıqca, yaranan informasiya və mənəvi boşluğu başqa güclər doldurmağa çalışır.
Bəzi müşahidəçilər Borçalıda restoranların artdığını və ziyalıların yerində olduğunu qeyd edərək təhlükəni kiçiltməyə çalışsalar da, real təsir mexanizmləri məhz gündəlik insani təmaslar və əlçatan ünsiyyət üzərindən qurulur. Sərhəd və nəqliyyat məhdudiyyətləri təhlükəsizliyi qorumaq məqsədi daşısa da, soydaşlarımızın gediş-gəlişinin çətinləşməsi özü özlüyündə ciddi strateji boşluq yaradır.
Əgər məqsəd Borçalıda Azərbaycanın mədəni, ideoloji və milli təsirini gücləndirmək, İranın bölgədəki təbliğatını qabaqlamaqdırsa, ilk növbədə Bakı-Tiflis marşrutu hər kəs üçün əlçatan olmalıdır. Avropaya uçuşun qonşu paytaxta uçuşdan ucuz olduğu bir şəraitdə soydaşlarımızla sıx inteqrasiyadan danışmaq çətindir.
Görünən odur ki, Borçalıda İran təsirini neytrallaşdırmağın ən effektiv yolu quru sərhədlərin və ya sərfəli nəqliyyat dəhlizlərinin açılması, gediş-gəlişin asanlaşdırılmasıdır. İnsanların bir-birinin xeyir-şərində iştirakını bərpa etmək həm milli birliyi möhkəmləndirər, həm də kənar qüvvələrin bölgədəki manevr imkanlarını sıfıra endirər.
İsmayıl Şahlı