Neft qiyməti 121 dolları ötdü: "Dünya bazarı iflic ola bilər" - AÇIQLAMA

Neft qiyməti 121 dolları ötdü: "Dünya bazarı iflic ola bilər" - AÇIQLAMA
24.09.2026 15:47 Sənaye və energetika

Dünya neft bazarlarında kəskin qiymət artımı davam edir. Azərbaycan neftinin barelinin qiymətinin 121 dolları keçməsi qlobal miqyasda hərbi-siyasi gərginliyin, xüsusilə İranda yeni müharibə ehtimallarının yenidən gündəmə gəlməsinə səbəb olub.

Mövu ilə bağlı TodayPress TV-yə açıqlama verən siyasi şərhçi Azad Məsiyev bildirib ki, siyasi qarşıdurmalar və hərbi münaqişələr birbaşa qlobal iqtisadiyyata təsirsiz ötüşmür.


Onun sözlərinə görə, iqtisadiyyatın siyasətlə, siyasətin də iqtisadiyyatla sıx bağlılığı var:

"Bu iki fəlsəfi kateqoriya bir-birini balanslaşdırmalıdır. Bir cəmiyyətdə siyasət və iqtisadiyyat arasındakı tarazlıq pozularsa, həmin cəmiyyətdə ciddi təlatümlər yaşana bilər. Eyni proses dünyada baş verən hadisələrə də öz təsirini göstərir. Yəni bu gün dünya siyasətində qarşıdurmalar yaranırsa və bu siyasi proseslərin nəticəsində hərbi münaqişələr başlayırsa, təbiidir ki, bu, iqtisadi proseslərə də birbaşa təsir göstərir".

ABŞ-nin qlobal enerji resurslarına nəzarət etmək strategiyasından danışan ekspert keçmiş və mövcud geosiyasi nümunələri xatırladıb:

"Xatırlatmaq yerinə düşər ki, ABŞ dünyada öz siyasi və geosiyasi təsirini qorumaq və inkişaf etdirmək məqsədilə müxtəlif ölkələrin neft və enerji resurslarına nəzarət etməyə çalışır. Ərəb baharı proseslərində də ərəb dövlətlərində hakimiyyət dəyişiklikləri baş verdi və həmin ölkələrdə ABŞ-ın maraqlarına uyğun hakimiyyətlərin formalaşdırıldığı, nəticədə həmin dövlətlərin sərvətlərinin nəzarətə götürüldüyü barədə fikirlər səsləndirildi. Son proseslərdə isə Venesuelada narkotiklə mübarizə adı altında Venesuela prezidentinin həbs olunması və nəticədə ölkənin neft resurslarına nəzarətin ələ keçirilməsi ilə bağlı iddialar irəli sürüldü. Yəni ABŞ öz siyasi məqsədlərini həyata keçirməklə dünyada iqtisadi böhran yaratmaq gücünə malikdir".

İran ətrafındakı hərbi ssenarilərin əslində Çinə qarşı hesablandığını vurğulayan Azad Məsiyev prosesin iqtisadi hədəflərini belə izah edib:

"Son hadisələr, o cümlədən İranda baş verən proseslər də buna bariz nümunədir. ABŞ-nin İranı işğal etmək, İranda hakimiyyəti dəyişərək öz maraqlarına uyğun bir hakimiyyət qurmaq istədiyi barədə fikirlər mövcuddur. Bu yanaşmaya görə, əsas məqsədlərdən biri İrandan Çinə qarşı istifadə etməkdir. Çünki ABŞ üçün Çinin artan iqtisadi gücü ciddi rəqabət mənbəyidir. Çini iqtisadi cəhətdən zəiflətmək üçün ona gedən enerji resurslarının, xüsusilə də neftin qarşısını almaq və bu resurslar üzərində nəzarəti gücləndirmək istənilir. Venesuela neftinin Çinə, o cümlədən yuanla satılması da bu məsələnin mühüm tərəflərindən biri kimi təqdim olunur. İranın neft ixracının böyük hissəsinin Çinə yönəldiyi nəzərə alınarsa, ABŞ-nin İrana qarşı siyasətinin məqsədlərindən birinin də İran neftinin Çinə satışına mane olmaq olduğu iddia edilir".

Siyasi şərhçi xəbərdarlıq edib ki, burada yarana biləcək istənilən xaos dünya bazarını iflic edə bilər:

"ABŞ-nin eyni zamanda Hörmüz boğazı üzərində nəzarəti gücləndirmək istədiyi fikri də irəli sürülür. Çünki dünya neft ticarətinin əhəmiyyətli hissəsi Hörmüz boğazından keçir. Əgər ABŞ Hörmüz boğazı üzərində nəzarəti ələ keçirsəydi, dolayısı ilə dünya enerji bazarlarına ciddi təsir etmək imkanına malik olardı. Belə olan halda, ABŞ-nin siyasəti ilə razılaşmayan dövlətlərin tankerlərinin bu ərazidən keçməsinə məhdudiyyətlər tətbiq etmək imkanı yarana bilərdi. Təbiidir ki, İranda aparılan hərbi əməliyyatlar və ümumiyyətlə, dünya neft bazarına təsir etmək imkanına malik dövlətlər arasında hər hansı hərbi münaqişənin baş verməsi dünya birjalarında qiymətlərin kəskin dəyişməsinə səbəb ola bilər".

Politoloq ABŞ-nin öz daxilində və birjalarda yaşanan gərginliyi də vurğulayıb:

"Hörmüz boğazı ətrafında hərbi əməliyyatlar aparıldığı zaman dünya enerji təchizatının mühüm hissəsinin bu bölgədən keçməsi enerji bazarında böhran riskini artırır. Bu böhran Avropa dövlətlərinə, hətta ABŞ-nin özünə belə təsir etmək gücünə malikdir. ABŞ-də benzinin qiymətinin yüksəlməsi də ictimaiyyətin və siyasi dairələrin reaksiyasına səbəb ola bilər. O cümlədən, dövlət başçılarının, xüsusilə də ABŞ kimi böyük iqtisadi və siyasi gücə malik dövlətlərin rəhbərlərinin bəyanatları birjalara təsir edir; bəzən Trampın açıqlamaları dünya birjalarında ciddi dalğalanmalara səbəb olur. Yaranmış xaosdan maliyyə manipulyasiyası ilə məşğul olan şirkətlər də istifadə etməyə çalışırlar. Hazırda ABŞ-da İranda apardığı hərbi əməliyyatların uğursuzluğa düçar olması ilə bağlı Tramp administrasiyasına qarşı ciddi təzyiqlər mövcuddur".

Azad Məsiyev fikirlərini beynəlxalq hüququn zəifləməsi və neftin kəskin bahalaşmasının kökündə duran əsas səbəblə yekunlaşdırıb:

"Təəssüflər olsun ki, bu gün dünya siyasətinin beynəlxalq hüquq çərçivəsində tam şəkildə tənzimləndiyini söyləmək çətindir. Bir çox hallarda beynəlxalq münasibətlərdə güc amili mühüm rol oynayır. Bu baxımdan, ABŞ da öz siyasi və iqtisadi gücündən istifadə etməklə öz siyasətini həyata keçirməyə çalışır və bunun nəticəsində müxtəlif regionlarda qeyri-sabitlik və iqtisadi problemlər yarana bilər. Neftin dünya bazarında bahalaşması da ABŞ-nin həyata keçirdiyi bu siyasətin nəticəsidir", - deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,69 dollar bahalaşaraq 121,43 ABŞ dolları təşkil edib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Neft qiyməti 121 dolları ötdü: "Dünya bazarı iflic ola bilər" - AÇIQLAMA — 1
XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər