SOCAR Türkiyədə 120 milyon dollarlıq layihəyə başlayır

SOCAR Türkiyədə 120 milyon dollarlıq layihəyə başlayır
10.11.2026 11:31 Sənaye və energetika

SOCAR Türkiyədəki STAR neft emalı zavodunda aviasiya yanacağı istehsalı üçün yeni qurğunun inşasına 120 milyon dollar investisiya yatırmağı planlaşdırır.

TodayPress TV xəbər verir  ki, bu barədə Türkiyə mediası “SOCAR Türkiye” şirkətinə istinadən məlumat yayıb.

Bildirilib ki, STAR NEZ-də yeni “Jet Fuel” (“Kero-Merox”) qurğusunun layihələndirilməsi, satınalınması və tikintisi mərhələsinə başlanılır. Layihəyə təxminən 6 milyard Türkiyə lirəsi vəsait ayrılacaq.

“SOCAR Türkiye”nin neft emalı və neft-kimya biznes bölməsinin rəhbəri, “Petkim Petrokimya Holding”in baş direktoru Kənan Mirzəyev bildirib ki, yeni qurğu aviasiya kerosini və dizel yanacağının istehsalını bazar tələbinə uyğun daha çevik idarə etməyə imkan verəcək. Layihə çərçivəsində ildə əlavə 600 min ton dizel yanacağı istehsalı gücü yaradılacaq.

Qeyd olunub ki, yeni qurğu işə salındıqdan sonra zavodda fəaliyyət göstərən KHT qurğusu dizel istehsalına yönəldiləcək. Bununla yanaşı, zərurət yaranarsa, həmin qurğuda aviasiya kerosini istehsalını bərpa etmək imkanı saxlanılacaq.

Layihə üzrə beynəlxalq şirkətlər konsorsiumu ilə EPC müqaviləsi imzalanıb. Tikinti işlərinə yaxın günlərdə başlanılması, qurğunun isə 2029-cu ilin birinci rübündə istismara verilməsi planlaşdırılır.

Kənan Mirzəyevin sözlərinə görə, bu layihə ilə SOCAR-ın Türkiyəyə yatırdığı ümumi investisiyaların həcmi 20 milyard dollara çatacaq.

Xatırladaq ki, 2018-ci ildə istismara verilən STAR NEZ-in illik emal gücü ilkin 10 milyon tondan 13 milyon tona çatdırılıb. Zavod hazırda Türkiyənin ən böyük vahid neft emalı müəssisəsidir.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər