Yaşadığınız yer beynin qocalmasını tezləşdirə bilər

Sağlamlıq

10.04.2026 18:00

Ekoloji baxımdan əlverişsiz şəhər mühitində yaşamaq, daha az çirklənmiş və daha az stressli mühitlə müqayisədə beynin daha sürətli qocalmasına səbəb ola bilər.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Honkonq Şəhər Universitetinin təkamül bioloqu və professoru Petr Lidski  bildirib. 

 “Bütün şəhərlər beyni kənd ərazilərindən daha tez qocaltmır. Lakin əgər şəhər mühiti yüksək səviyyədə incə toz hissəcikləri, səs-küy, istilik, xroniki stress və az sayda yaşıllıq deməkdirsə, belə bir mühit həqiqətən də beyin qocalmasını sürətləndirə bilər. Hava çirkliliyi, beynin qocalma sürətinin artması ilə yanaşı, Alzheimer xəstəliyi də daxil olmaqla, idrak funksiyalarının zəifləməsi və demensiya riskinin yüksəlməsi ilə əlaqələndirilir. Bu xəstəliklərin inkişafında incə hissəciklərin (PM2.5) zərərli rolu artıq aydın şəkildə müəyyən edilib”, – deyə mütəxəssis qeyd edib.

PM2.5 – diametri 2,5 mikrometrdən kiçik olan hissəciklərdir. Kiçik ölçülərinə görə onlar tənəffüs yollarına asanlıqla nüfuz edir və qan dövranına daxil olaraq, beynin də daxil olduğu müxtəlif toxumalarda sistemik iltihab, oksidləşdirici stress və damar zədələnməsi yarada bilirlər.

“Lakin başa düşmək vacibdir ki, beyin tək bir amilin deyil, bütöv bir stress faktorları kompleksinin – hava çirkliliyi, istilik, səs-küy, yoxsulluq, sosial bərabərsizlik, xroniki stress və yaşıl məkanların azlığının təsiri altında daha sürətli qocalır. Tədqiqatçılar bu kümülatıv təsirləri ‘ekspozom’ anlayışı ilə izah edirlər. Mikroplastiklərin insan orqanizminə daxil olması, onların potensial zərəri, aterosklerotik lövhələrdə toplanması və ürək tutması riskini artırması barədə artıq inandırıcı dəlillər mövcuddur. Mikroplastiklər həmçinin beyin və onurğa beyni mayesində də aşkar edilib. Lakin onların beyin sağlamlığına mənfi təsiri hələlik PM2.5 hissəciklərinin sübut edilmiş zərəri qədər aydın təsdiqlənməyib”, – deyə alim yekunlaşdırıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Beyin ,Ərazi ,Şəhər ,Qocalma ,Todaypress.tv,