Ultra emal olunan qidalar diqqətə mənfi təsir göstərə bilər
Sağlamlıq
27.04.2026 19:15
Monaş Universiteti alimləri müəyyən ediblər ki, ultra emal olunan qidaların hətta orta səviyyədə istehlakı belə diqqət və informasiyanın emal sürətinin azalması ilə əlaqəlidir.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Alzheimer's & Dementia" jurnalında dərc olunub.
Araşdırmada demensiya əlamətləri olmayan 2100-dən çox yetkin iştirak edib. Tədqiqatçılar onların qidalanma vərdişlərini koqnitiv testlərin nəticələri ilə müqayisə ediblər və belə nəticəyə gəliblər ki, ultra emal olunan qidaların payı artdıqca diqqət göstəriciləri azalır.
Bu kateqoriyaya qazlı şirin içkilər, çipslər, fast food və hazır yeməklər kimi yüksək dərəcədə emal olunan məhsullar daxildir.
Alimlərin sözlərinə görə, gündəlik rasionda bu cür qidaların payının cəmi 10% artması belə diqqətin zəifləməsi ilə əlaqələndirilir. Bu təsir ümumi qidalanma səviyyəsindən asılı olmayaraq müşahidə olunub.
Tədqiqat müəllifləri bildirirlər ki, problem yalnız sağlam qidaların azlığı ilə bağlı deyil. Qidanın emal dərəcəsi onun strukturunu dəyişdirərək beyin funksiyasına mənfi təsir göstərə biləcək maddələrin yaranmasına səbəb ola bilər.
Araşdırmada yaddaş problemləri ilə əlaqə aşkarlanmasa da, diqqətin azalması öyrənmə və gündəlik fəaliyyətlər üçün risk hesab olunur.
Türkan İsgəndərli
tag: Qida,İnformasiya,Diqqət,Demansiya,Todaypress.tv,
