Saç tökülməsinə qarşı yeni çarə
Sağlamlıq
21.04.2026 19:00
Tayvanlı alimlər kofein, pantenol və bitki mənşəli maddələr əsasında hazırlanan eksperimental saç serumu üzərində araşdırma aparıblar.
TodayPress TV xəbər verir ki, nəticələr "medRxiv" platformasında ilkin olaraq dərc edilib.
Sınaqlarda iştirak edən könüllülər gündə bir dəfə baş dərisinə 1 ml serum tətbiq ediblər. Səkkiz həftəlik müşahidə nəticəsində saç qalınlığında artım qeydə alınıb və bu göstərici plasebo qrupu ilə müqayisədə təxminən 25% daha yüksək olub.
Tədqiqatçılar bildirirlər ki, serum bir neçə aktiv komponentdən ibarətdir. Buraya "kofein", "pantenol", eləcə də "Centella asiatica" bitkisindən əldə edilən maddələr daxildir. Formulda həmçinin hüceyrələrarası siqnal daşıyan mikroskopik veziküllər və saç follikullarının fəaliyyətinə təsir edən böyümə faktorları - "FGF7" və "IGF-1" də yer alır.
Alimlərin fikrincə, bu maddələr birlikdə baş dərisinin bərpasını və saç follikullarının aktivliyini gücləndirə bilər.
Bununla belə, tədqiqat müəllifləri nəticələrin ilkin olduğunu vurğulayırlar. Araşdırma hələ ilkin mərhələdədir və daha geniş klinik sınaqlarla təsdiqlənməyə ehtiyac var. Hazırda komanda fərqli saç tökülməsi növləri üçün effektivliyi və optimal tərkibi müəyyən etməyə çalışır.
Türkan İsgəndərli
tag: Saç,Serum,Kofein,Sınaq,Todaypress.tv,
