Piylənməyə qarşı hormon aşkarlandı
Sağlamlıq
20.04.2026 19:30
Oklahoma Universiteti alimləri müəyyən ediblər ki, FGF21 hormonu beyində xüsusi strukturlara təsir edərək siçanlarda piylənməni geri qaytara bilər.
TodayPress TV xəbər verir ki, tədqiqat "Cell Reports" jurnalında dərc olunub.
Araşdırmaya görə, əvvəllər hormonun əsasən qaraciyər vasitəsilə təsir etdiyi düşünülsə də, yeni nəticələr onun beynin mühüm rol oynadığını göstərir. FGF21 siqnalları maddələr mübadiləsi və iştahı tənzimləyən arxa beyinə ötürülür.
Alimlər hormonun tək traktın nüvəsi, postrema sahəsi və parabraxial nüvə kimi beyin strukturları ilə qarşılıqlı əlaqədə olduğunu müəyyən ediblər. Bu mexanizmin çəki itkisində əsas rol oynadığı qeyd olunur.
FGF21-in təsir mexanizmi məşhur arıqlama dərmanlarından fərqlənir. O, iştahanı azaltmaqdan çox, maddələr mübadiləsini sürətləndirərək bədənin daha çox enerji sərf etməsinə kömək edir.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf piylənmə və metabolik xəstəliklərin daha effektiv və təhlükəsiz müalicəsi üçün yeni imkanlar yarada bilər. Hazırda FGF21 analoqları klinik sınaqlardan keçir və xüsusilə ağır yağlı qaraciyər xəstəliyi olan MASH-ın müalicəsində ümidverici nəticələr göstərir.
Alimlər əlavə edirlər ki, nəticələr hələlik heyvanlar üzərində əldə olunub və onların insanlara tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var.
Türkan İsgəndərli
tag: Hormon,Beyin,Piy,Tədqiqat,Todaypress.tv,
