İnsanı arıqladan iki sadə qayda
Sağlamlıq
17.04.2026 18:15
Barselona Qlobal Sağlamlıq İnstitutunun alimləri müəyyən ediblər ki, səhər yeməyinin erkən saatlarda qəbul edilməsi və gecə yeməkləri arasında uzun fasilə saxlanılması bədən çəkisinin azalması ilə əlaqəli ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.ru"da məqalə dərc olunub.
Araşdırma çərçivəsində 40–65 yaş arası 7074 nəfərin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, həm şam yeməyini, həm də səhər yeməyini daha tez yeyən və gecə daha uzun müddət qida qəbul etməyən şəxslərin beş ildən sonra bədən kütlə indeksi (BKİ) daha aşağı olub.
Epidemioloq Luciana Pons-Musso bildirib: “Nəticələrimiz göstərir ki, gecə orucunun müddətinin artırılması, xüsusilə də şam və səhər yeməklərinin erkən saatlarda qəbul edilməsi, sağlam çəkini qorumağa kömək edə bilər”.
Tədqiqatçılar bu təsiri sirkadian ritmlərlə — yəni bədənin daxili bioloji saatı ilə əlaqələndirirlər. Onların fikrincə, günün birinci yarısında qida qəbul etmək bu ritmlərlə daha yaxşı uyğunlaşır, bu da enerji sərfiyyatının daha səmərəli olmasına və iştahanın nəzarətdə saxlanmasına kömək edir.
Təhlil həmçinin göstərib ki, səhər yeməyinin gec qəbul edilməsi və tez-tez qəlyanaltı yemək daha yüksək BKİ ilə əlaqələndirilir. Ən güclü əlaqə isə premenopozal qadınlarda müşahidə olunub.
Maraqlıdır ki, səhər yeməyini buraxaraq fasiləli oruc tutan kişilər qrupunda bədən çəkisinə əhəmiyyətli təsir müşahidə edilməyib. Epidemioloq Kamil Lassal qeyd edib: “Bu strategiya sadəcə kalori qəbulunu azaltmaqdan daha effektiv olmayıb”.
Müəlliflər vurğulayırlar ki, tədqiqat yalnız statistik əlaqələri göstərir və səbəb-nəticə münasibətini sübut etmir. Bununla belə, nəticələr göstərir ki, yalnız nə yediyimiz deyil, həm də nə vaxt yediyimiz də vacibdir.
Alimlər ehtimal edirlər ki, bu təsir insulin səviyyəsinin və yağ metabolizmasının tənzimlənməsi ilə bağlı ola bilər. Lakin bu mexanizmlərin təsdiqi üçün əlavə tədqiqatlara ehtiyac var.
Anna Palomar-Kros əlavə edib: “Bu sahə xrononutrisiya adlanır — yəni qidanın yalnız tərkibini deyil, həm də qəbul vaxtını öyrənən elmi istiqamətdir”.
Gələcəkdə tədqiqatçılar pəhrizin sağlamlığa təsirini daha dəqiq qiymətləndirmək üçün daha genişmiqyaslı və uzunmüddətli müşahidələr, həmçinin klinik sınaqlar aparmağı planlaşdırırlar.
Jalə Rövşən
tag: Çəki ,Piylənmə ,Sağlamlıq ,Qida ,Todaypress.tv,
