Dünyada yeni diabet növü tanındı

Sağlamlıq

16.04.2026 19:30

Beynəlxalq Diabet Federasiyası (BDF) uzun illər müzakirə mövzusu olan 5-ci tip diabeti rəsmi olaraq tanıyıb və Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) onu Beynəlxalq Xəstəliklər Təsnifatına daxil etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu diabet növü əsasən xroniki qidalanma çatışmazlığı ilə əlaqələndirilir və daha çox Asiya və Afrika ölkələrində müşahidə oluna bilər.

Mütəxəssislərin hesablamalarına görə, bu xəstəlik 25 milyona qədər insana təsir edə bilər.

Tədqiqatçılar bildirirlər ki, 5-ci tip diabet ilk dəfə 1955-ci ildə təsvir edilsə də, sonradan uzun müddət diqqətdən kənarda qalıb. Yeni araşdırmalar isə onun ayrıca bir xəstəlik forması kimi yenidən tanınmasına səbəb olub.

Mütəxəssislərin sözlərinə görə, bu tip diabet autoimmun proseslər və ya həyat tərzi ilə deyil, uzunmüddətli qida çatışmazlığı nəticəsində inkişaf edir və tez-tez səhvən 1 və ya 2-ci tip diabet kimi diaqnoz edilir.

Alimlər bildirirlər ki, bu xəstəliyin rəsmi tanınması düzgün diaqnoz və müalicə yanaşmalarının hazırlanmasına imkan verə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Diabet,Şəkər,ÜST,Xəstəlik,Todaypress.tv,