DİQQƏT: Bu vərdişlər sizi qocaldır!
Sağlamlıq
28.04.2026 18:45
Alimlər — Erik Verdin, Ceymi Uribarri və Niharika Duqqal bildirirlər ki, tez-tez qəlyanaltı yemək, pəhrizdə həddindən artıq emal olunmuş qidaların və yağların qəbulu immun sisteminin qocalmasını sürətləndirir və hüceyrələrin bərpa prosesini ləngidir.
TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.ru"da məqalə dərc olunub.
Bildirilib ki, mütəxəssislər gün ərzində fasiləsiz qəlyanaltı qəbulunu sürətlənmiş qocalma ilə əlaqəli əsas vərdişlərdən biri kimi qiymətləndirirlər. Tez-tez qidalanma qanda qlükoza səviyyəsinin yüksək qalmasına səbəb olur və hüceyrə böyüməsini stimullaşdıran insulin hormonunun ifrazını artırır. Verdinin sözlərinə görə, orqanizmin bərpa proseslərini işə salması üçün qidasız dövrlərə ehtiyac var.
Həddindən artıq emal olunmuş karbohidratlar və yüksək temperaturda bişirilmiş qidalar da mənfi təsir göstərir. Uribarrinin qeyd etdiyi kimi, bu cür emal nəticəsində iltihabı artıran birləşmələr (məsələn, akrilamid) yaranır. Bu isə dəriyə, qan damarlarına və daxili orqanlara zərər verə bilər.
Digər risk faktorları sırasında mütəxəssislər pəhrizdə yağ balansının pozulmasını da qeyd edirlər. Lifin az, doymuş yağların isə həddindən artıq qəbulu bağırsaq fəaliyyətini poza və immun sisteminin qocalmasını sürətləndirə bilər.
Alimlərin fikrincə, doymuş və doymamış yağlar kimyəvi quruluşuna və mənbəyinə görə fərqlənir. Süd məhsulları, donuz yağı, fast food, kərə yağı və şirniyyat məhsulları doymuş yağlarla zəngindir. Bu yağların həddindən artıq qəbulu “pis” xolesterin (LDL) səviyyəsini artıraraq ateroskleroz, ürək-damar xəstəlikləri, piylənmə və diabet riskini yüksəldə bilər.
Əlavə risk faktorlarına B vitaminlərinin çatışmazlığı, sağlam yağların (xüsusilə omeqa-3) azlığı və turşu əmələ gətirən qidaların — ət, balıq və konservləşdirilmiş məhsulların — üstünlük təşkil etməsi daxildir.
Mütəxəssislər, həmçinin hesab edirlər ki, yaşlanma prosesini yavaşlatmaq üçün qidalanma rejiminə düzəliş etmək vacibdir: tərəvəzlərin, tam taxılların və omeqa-3 yağ turşuları ilə zəngin qidaların qəbulunu artırmaq, həmçinin daimi qəlyanaltılardan və həddindən artıq emal olunmuş məhsullardan uzaq durmaq lazımdır.
Jalə Rövşən
tag: Qida ,Qocalıq ,Vərdiş , Pəhriz,Todaypress.tv,
