Bu şəxslər evlənməsin, uşaqlar xəstə doğulacaq

Sağlamlıq

15.04.2026 13:30

2025-ci il iyul ayından qohum evliliyi qadağan edilsə də, hələ də qanunsuz şəkildə evliliklər davam edir. İnsanlar bu məsələni ciddiyə almır, fəsadlarına razı olurlar.

Bəs bunlar hansı zərərlərdir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, əsas risklərdən biri irsi xəstəliklərin nəsildən-nəsilə ötürülməsidir:


"Belə ki, müəyyən bir ailə və ya nəsildə mövcud olan xəstəlik və ya çatışmazlıqlar qohumlar arasında evlilik zamanı daha yüksək ehtimalla üzə çıxa bilər. Bu isə bəzi hallarda genetik problemlərin davamlı xarakter almasına səbəb olur".

Farmakoloq əlavə edib ki, qohum evliliklərində genetik faktorlar xüsusilə ön plana çıxır:

"Eyni genetik materialın oxşarlığı artdıqca, müəyyən xəstəliklərin yaranma riski də yüksəlir. Bu vəziyyət bəzən sadə şəkildə “eyni yüklərin bir-birini itələməsi” prinsipi ilə müqayisə edilir. Nəticədə orqanizmdə müxtəlif patologiyalar meydana gələ bilər".

Mütəxəssis vurğulayıb ki, bu proseslərin arxasında olduqca mürəkkəb mexanizmlər dayanır. Buraya metabolik pozuntular, biokimyəvi və biofiziki dəyişikliklər, maddələr mübadiləsində baş verən problemlər və genetik faktorların qarşılıqlı təsiri daxildir.

"Məhz bu səbəblərdən müasir tibb elmi qohum evliliklərini riskli hesab edir və bir çox ölkələrdə bu sahədə müxtəlif hüquqi məhdudiyyətlər və maarifləndirici tədbirlər tətbiq olunur", - deyə həkim qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aydın Əliyev,Dosent,Evlilik,Xəstə,Todaypress.tv,