Anemiya xərçəngin erkən siqnalı ola bilər – Araşdırma
Sağlamlıq
13.04.2026 19:45
Yetkinlərdə ilk dəfə aşkar olunan anemiya gizli onkoloji xəstəliklərin əlaməti ola bilər.
TodayPress TV xəbər verir ki, bu nəticəyə Karolinska İnstitutu alimləri gəlib. Araşdırma "BMJ Oncology" jurnalında dərc olunub.
Məlumata görə, anemiya qanda eritrositlərin sayının azalması və ya onların oksigen daşıma qabiliyyətinin zəifləməsi ilə xarakterizə olunur. Bu vəziyyət zəiflik, yorğunluq, nəfəs darlığı və dərinin solğunluğu kimi əlamətlərə səbəb ola bilər
Tədqiqat çərçivəsində 190 mindən çox anemiya diaqnozu qoyulmuş xəstənin məlumatları təhlil edilib və anemiyası olmayan şəxslərlə müqayisə aparılıb.
Nəticələrə görə, diaqnozdan sonrakı 18 ay ərzində xərçəng kişilərin 6,2 faizində, qadınların isə 2,8 faizində aşkar olunub. Bu göstərici anemiyası olmayan insanlarla müqayisədə demək olar iki dəfə yüksəkdir.
Araşdırma göstərib ki, anemiyası olan xəstələrdə ölüm riski də daha yüksəkdir, xüsusilə diaqnozdan sonrakı ilk aylarda.
Alimlər qeyd edir ki, eritrositlərin ölçüsündə dəyişikliklər də mühüm rol oynayır:
“Kiçik ölçülü eritrositlər (mikrositoz) daha çox mədə-bağırsaq şişləri və qan xəstəlikləri ilə əlaqələndirilir, böyük eritrositlər (makrositoz) isə ümumi ölüm riskinin artması ilə bağlıdır”.
Tədqiqat müəllifləri vurğulayır ki, anemiya çox vaxt müstəqil xəstəlik deyil, gizli patologiyaların, o cümlədən xərçəngin əlaməti ola bilər. Buna görə də sadə qan analizləri erkən diaqnostika üçün mühüm vasitə hesab olunur.
Qiymət Mahir
tag: Karolinska ,Araşdırma ,Tədqiqat ,Anemiya,
