Evin divarını sökdülər, 112 illik sirr üzə çıxdı
ABŞ-də evlərini təmir edən ər-arvad divarın içərisində 1914-cü ilə aid, isveç dilində yazılmış məktub aşkarlayıblar.
TodayPress TV “Times of India” nəşrinə istinadən xəbər verir ki, hadisə İllinoys ştatının Evanston şəhərində baş verib.
Məlumata görə, Keyt və Bill Pirsi adlı cütlük 2022-ci ildə qədim ev alıblar. Mətbəxdə təmir işləri apararkən onlar əvvəllər xidmətçi otağı kimi istifadə olunan hissənin yaxınlığındakı quraşdırılmış konstruksiyanı söküblər. Məqsəd su borularına çıxış əldə etmək olub.
Lakin təmir zamanı divarın içərisində gizlədilmiş, üzəri tozla örtülmüş köhnə zərf tapılıb.
Cütlüyün sözlərinə görə, zərf möhürlü olub və üzərində dörd xarici poçt markası yerləşib. Məktubun məzmununu öyrənmək istəyi onları zərfi açmağa sövq edib.
Əvvəlcə məktubun hansı dildə yazıldığını müəyyənləşdirmək mümkün olmayıb. Bundan sonra Keyt tapıntının fotolarını “Instagram”da paylaşaraq izləyicilərindən kömək istəyib.
İzləyicilərdən biri məktubun isveç dilində olduğunu müəyyən edib və mətnini tərcümə edib.
Məlum olub ki, məktub Elze adlı qadına anası tərəfindən yazılıb. Məktubda İsveçdəki gündəlik həyatdan, eləcə də belində problemlər olan atasının səhhətindən bəhs edilib.
Tapıntıdan bir neçə gün sonra cütlük maraqlı məqamı üzə çıxarıb. Belə ki, məktub onların evinin sakinlərinə deyil, qonşularına ünvanlanıb. Bu da məktubun vaxtilə sahibinə çatmamasının mümkün səbəblərindən biri hesab olunur.
Sosial şəbəkələrdə böyük marağa səbəb olan tapıntını Keyt qoruyub saxlamaq qərarına gəlib. O, bir əsrdən çox yaşı olan məktubu çərçivəyə salaraq divardan asmağı planlaşdırır.
Beləliklə, 112 il əvvəl yazılmış məktub qədim evin tarixinin bir parçası kimi qorunub saxlanılacaq.
Kübra Musayeva