Meşəyə göbələk yığmağa getdi, rekordluq tapıntı ilə qayıtdı

Meşəyə göbələk yığmağa getdi, rekordluq tapıntı ilə qayıtdı
26.10.2026 05:54 Maraqlı

Polşada payız göbələk mövsümündə qeyri-adi tapıntı qeydə alınıb. Meşədə göbələk toplayan yerli sakin çəkisi 2,5 kiloqramdan çox olan nəhəng ağ göbələk aşkarlayıb.

TodayPress TV Polşanın “o2.pl” nəşrinə istinadən xəbər verir ki, hadisə Pivniçna Meşə Təsərrüfatının ərazisində baş verib.

Məlumata görə, Mixal adlı yerli sakin payız gəzintisi zamanı qeyri-adi ölçülərə malik ağ göbələklə rastlaşıb. Göbələyin çəkisi 2,54 kiloqram, ayağının ən geniş hissəsinin çevrəsi isə 47 santimetr olub.

Mütəxəssislər göbələyi rekord ölçülü nümunə kimi qiymətləndiriblər. Maraqlıdır ki, nəhəng ölçülərinə baxmayaraq, göbələkdə sürfə zədələnməsinin nəzərəçarpan izləri aşkarlanmayıb. Onun ləti də ağ göbələyə xas təbii qoxusunu qoruyub saxlayıb.

Pivniçna Meşə Təsərrüfatı sosial şəbəkədə paylaşım edərək Mixalı təbrik edib və qeyri-adi tapıntı barədə ətraflı məlumat təqdim etdiyinə görə ona təşəkkürünü bildirib.

Qeyd olunur ki, Polşada yayın sonu və payız ayları göbələk toplamaq üçün ən əlverişli dövr hesab edilir. Bu mövsümdə meşələrdə ağ göbələklərlə yanaşı, digər yeməli göbələk növlərinə də rast gəlmək mümkündür.

Bununla belə, Polşanın dövlət meşə təsərrüfatları göbələk toplayanlara ehtiyatlı olmağı tövsiyə edir. Mütəxəssislər yalnız yeməli olduğu dəqiq bilinən, sağlam və zədələnməmiş göbələklərin toplanmasının vacibliyini vurğulayırlar.

Şübhəli göbələklərin müəyyənləşdirilməsi üçün isə mütəxəssis məsləhəti almaq tövsiyə olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər