“Barselona” azarkeşləri Bakını rənglərinə boyamağa gəlir!

“Barselona” azarkeşləri Bakını rənglərinə boyamağa gəlir!
23.11.2026 17:44 İdman

“Barselona”nın 474 azarkeşi UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la keçiriləcək oyunda Kataloniya təmsilçisini dəstəkləmək üçün Bakıya gələcək.

TodayPress TV xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı izləmək üçün 268 klub üzvü və 206 fan-klub nümayəndəsi Azərbaycana səfər edəcək. Onlar dünyanın müxtəlif ölkələrindən olan 41 azarkeş birliyini təmsil edəcəklər.

Qeyd olunub ki, “Barselona”nın peşəkar komandası tarixində ilk dəfə rəsmi yarış çərçivəsində Azərbaycana səfər edəcək. Kataloniya klubunun futbolçuları Çempionlar Liqasının bu qarşılaşmasında azarkeşlərinin dəstəyini hiss edəcəklər.

“Barselona”nın Bakıda fəaliyyət göstərən rəsmi azarkeş birliyi – “Penya Barcelonista Bakú” Azərbaycana gələcək fanatları qarşılayacaq.

2017-ci ildə rəsmi status alan və Qafqaz ölkələri arasında yeganə belə azarkeş birliyi olan Bakı fan-klubunun 400-dən çox qeydiyyatdan keçmiş üzvü var.

Bundan başqa, Bağdad və Təl-Əvivdəki “Barselona” azarkeş birliklərinin hər birindən 18 nəfər, Paris və Poznandakı fan-klublardan isə ümumilikdə 10-a yaxın azarkeş komandanı dəstəkləmək üçün Bakıya gələcək.

Namiq HUN

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər