Azərbaycan idmanının salnaməsi: “Olimpiya dünyası” 25 yaşında!
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetinin fəaliyyətə başlamasının 25 ili tamam olur.
TodayPress TV xəbər verir ki, 2001-ci il noyabrın 27-dən etibarən fasiləsiz nəşr olunan qəzet ötən 25 il ərzində Azərbaycan idmanının uğurlarını, idmançılarımızın tarixi qələbələrini və Olimpiya Hərəkatının inkişafını geniş ictimaiyyətə çatdıraraq idman jurnalistikasında özünəməxsus yer tutub.
Əvvəllər həftədə iki dəfə 6 000 tirajla çap olunan qəzet hazırda həftədə bir dəfə 4 100 tirajla nəşr edilir. 2016-cı ilin oktyabrından isə gündəlik onlayn formatda da fəaliyyət göstərir.
Fəaliyyəti dövründə nüfuzlu beynəlxalq idman yarışlarını işıqlandıran, müxtəlif layihələr həyata keçirən və 40-dan çox idman jurnalistinin yetişməsinə töhfə verən “Olimpiya dünyası” bir sıra nüfuzlu mükafatlara layiq görülüb.
Qəzet MOK-un Ədalətli Oyunlar Komissiyasının “Ədalətli idman təbliğatçısı” nominasiyasının qalibi olub. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən isə dəfələrlə “İlin ən yaxşı idman nəşri” seçilib.
Beynəlxalq arenada da uğurlar qazanan nəşr İspaniyada “Nüfuz və keyfiyyətə görə - Aktualidad-XXI” beynəlxalq mükafatına layiq görülüb. Bundan başqa, Beynəlxalq Gimnastika Federasiyası və digər idman qurumları tərəfindən xüsusi diplomlarla təltif edilib.
Namiq HUN