Nazir müavini: Azərbaycan üzərindən Avropaya yeni enerji dəhlizlərinin yaradılması planlaşdırılır
“Azərbaycanın COP31-də iştirakı 2024-cü ildə ölkəmizdə keçirilən COP29 çərçivəsində irəli sürülmüş təşəbbüslərin davamı kimi qiymətləndirilir. Azərbaycanın COP29-a sədrliyi dövründə enerji sahəsində üç əsas təşəbbüs irəli sürülüb. Bunlar enerji dəhlizləri və “yaşıl enerji” zonalarının yaradılması, elektrik şəbəkələri və enerji saxlanc sistemlərinin inkişafı, eləcə də hidrogen sahəsini əhatə edib”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Antalyada COP31 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın “yaşıl enerji” zonalarının yaradılması ilə bağlı təşəbbüsü hələ 2024-cü ildə həm regional, həm də beynəlxalq səviyyədə böyük maraq doğurub. Hazırda isə bu təşəbbüslərə dəstək daha da genişlənib.
O.Zeynalov bildirib ki, Mərkəzi Asiya, Xəzər hövzəsi, Türkiyə və Qara dəniz regionlarını birləşdirən mühüm enerji layihələri həyata keçirilir. İlk dəfə olaraq Azərbaycanın Xəzər dənizi üzərindən elektrik xətti vasitəsilə Mərkəzi Asiya ilə birləşdirilməsi nəzərdə tutulur.
Türkiyə-Azərbaycan enerji əməkdaşlığına toxunan nazir müavini qeyd edib ki, Bakı və Ankara ənənəvi enerji sahəsində olduğu kimi, yaşıl enerji istiqamətində də aparıcı rol oynayırlar. Bu əməkdaşlıq yalnız Avropanın deyil, digər regionların da enerji təminatına, o cümlədən yaşıl enerji təchizatına töhfə verəcək.
O.Zeynalov Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanan hökumətlərarası Sazişin əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, yeni enerji dəhlizinin yaradılmasını nəzərdə tutan sənədə əsasən, elektrik enerjisinin quru xətti ilə Azərbaycandan Gürcüstana, oradan Türkiyəyə və Bolqarıstan üzərindən Avropaya ötürülməsi planlaşdırılır. Bunun üçün mövcud infrastrukturun təkmilləşdirilməsi və enerji ötürmə həcminin artırılması nəzərdə tutulur. Layihə iştirakçı olan bütün ölkələrə fayda gətirəcək.
Azərbaycan-Türkiyə interkonnektorunun Naxçıvan üzərindən yaradılması perspektivlərindən də danışan nazir müavini bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırması artıq tamamlanıb.
Hazırda TRİPP və Naxçıvan üzərindən Türkiyəyə 1 giqavat elektrik enerjisinin ixracı müzakirə olunur. Son təhlillər Türkiyənin qərb bölgələrində, xüsusilə İstanbul ətrafında bu həcmdə enerjiyə ciddi tələbatın ola biləcəyini göstərir. O, layihənin kommersiya baxımından da perspektivli olduğunu qeyd edib.
Nazir müavini yaşıl enerji sahəsində regional əməkdaşlığın genişləndirilməsi imkanlarına da diqqət çəkib. Bildirib ki, Azərbaycan-Gürcüstan-Bolqarıstan-Rumıniya enerji dəhlizinə Türkiyənin qoşulması məsələsi müzakirə olunur. Türkiyənin bu layihədə iştirakı təşəbbüsün əhəmiyyətini və imkanlarını daha da artıracaq.
O.Zeynalovun fikrincə, nəzərdə tutulan enerji dəhlizləri bir-birini tamamlayır. Belə ki, Qazaxıstan-Özbəkistan-Azərbaycan marşrutu ilə ötürülən enerji Qara dəniz vasitəsilə, gələcəkdə isə Zəngəzur dəhlizi və Naxçıvan üzərindən Türkiyəyə çatdırıla bilər.
Nazir müavini vurğulayıb ki, bu xətlər yalnız enerji ixracı üçün nəzərdə tutulmayıb. Onlar, eyni zamanda, enerji çatışmazlığı yarandığı hallarda ölkələrin enerji sistemlərinin birləşdirilməsinə və qarşılıqlı təminat imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Onun sözlərinə görə, Xəzər-Qara dəniz-Avropa enerji layihəsi hazırlıq baxımından daha irəli mərhələdədir. Çünki layihənin texniki-iqtisadi əsaslandırması artıq başa çatıb.
O.Zeynalov oktyabrın 22-də Bakıda investorlarla geniş tərkibli görüş keçirildiyini xatırladıb. Həmin görüşdə özəl sektor nümayəndələri ilə enerji dəhlizlərinin investisiya imkanları müzakirə olunub.
Nazir müavini bildirib ki, layihə üzrə yekun investisiya qərarının 2028–2029-cu illərdə qəbul edilməsi, ilk enerji xəttinin isə 2032-ci ildə istifadəyə verilməsi hədəflənir. Birinci xəttin ötürmə gücünün 1,3 giqavat olması planlaşdırılır.
Avropada enerjiyə tələbatın yüksək olduğunu vurğulayan O.Zeynalov qeyd edib ki, Azərbaycan üzərindən yaradılacaq dəhlizlərlə ötürülən elektrik enerjisinin yekun qiyməti rəqabətqabiliyyətli olacaq. Onun sözlərinə görə, Almaniya və digər Avropa ölkələrinin şirkətləri uzunmüddətli enerji alışı ilə bağlı maraqlarını ifadə ediblər.
Qiymət Mahir