“Bəyanatlar bəsdir, konkret nəticə vaxtıdır” – COP31-in yeni sədrindən sərt çağırış

“Bəyanatlar bəsdir, konkret nəticə vaxtıdır” – COP31-in yeni sədrindən sərt çağırış
09.11.2026 14:56 Tədbirlər

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) Türkiyədə ilk dəfə Antalyada fəaliyyətə başlayıb. Bununla da Türkiyə konfransın sədrliyini rəsmən öz üzərinə götürüb.

TodayPress TV xəbər verir ki, COP30-un sədri Andre Araña Korrea do Laqo səlahiyyətlərini COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kuruma təhvil verib.

Açılış mərasimində çıxış edən Kurum dünyada müharibələrin, geosiyasi gərginliklərin, iqtisadi qeyri-müəyyənliyin və ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin artdığına diqqət çəkib. O bildirib ki, iqlim dəyişiklikləri artıq quraqlıq, daşqınlar, su qıtlığı və həddindən artıq istilər vasitəsilə müxtəlif ölkələrin iqtisadiyyatına, kənd təsərrüfatına və insanların gündəlik həyatına təsir göstərir.

Nazir COP31-in əsas məqsədinin bəyanatlarla kifayətlənməyərək konkret nəticələr əldə etmək olduğunu vurğulayıb.

“İqlim siyasəti eyni zamanda inkişaf, ərzaq, enerji və şəhər siyasətidir. Hər şeydən əvvəl, bu, insanın gələcəyini qorumaq siyasətidir. COP31-i məhz buna görə ‘Tətbiq COP-u’ etmək istəyirik”, – deyə Kurum bildirib.

Türkiyənin əsas hədəfləri

Kurum Türkiyənin iqlim siyasətində “Sıfır Tullantı” təşəbbüsünün əhəmiyyətini vurğulayıb. Birinci xanım Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən bu hərəkatın təbii resursların qorunmasına, israfın azaldılmasına və səmərəliliyin artırılmasına xidmət etdiyini qeyd edib.

O, həmçinin “35-ə 35 Qlobal Elektrikləşmə Öhdəliyi” çərçivəsində 2035-ci ilədək yekun enerji istehlakında elektrik enerjisinin payının 35 faizə çatdırılmasının hədəfləndiyini açıqlayıb. Bu istiqamətdə bərpaolunan enerji, enerji saxlama sistemləri, təmiz nəqliyyat və yaşıl sənayenin inkişafı nəzərdə tutulur.

İqlim maliyyələşdirilməsi əsas məsələlərdəndir

Nazir bildirib ki, Bakıda keçirilən COP29-da inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilədək hər il ən azı 300 milyard dollar iqlim maliyyələşdirilməsi hədəfi üzrə razılıq əldə olunub. Bundan əlavə, dövlət və özəl sektorun vəsaitləri hesabına illik maliyyələşdirmənin 1,3 trilyon dollara çatdırılması çağırışı edilib.

Kurumun sözlərinə görə, indi əsas məsələ vədləri real maliyyə resurslarına, investisiyalara və konkret nəticələrə çevirməkdir. Bu məqsədlə Türkiyə “İqlim Fəaliyyəti Körpüsü” təşəbbüsünü irəli sürür. Təşəbbüs maliyyə axtaran layihələrlə investorları, texnologiyaya ehtiyacı olan ölkələrlə müvafiq həll yollarına malik tərəfləri bir araya gətirməyi hədəfləyir.

Kurum COP31-in dialoq, razılaşma və fəaliyyət prinsipləri əsasında keçiriləcəyini bildirib. O, bütün ölkələri iqlim dəyişiklikləri ilə mübarizədə əməkdaşlığa çağıraraq vurğulayıb ki, ortaq gələcəyin məsuliyyəti də birlikdə daşınmalıdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər