COP31 çərçivəsində kənd təsərrüfatı üzrə beş əsas tədbir keçiriləcək

COP31 çərçivəsində kənd təsərrüfatı üzrə beş əsas tədbir keçiriləcək
09.11.2026 14:44 Tədbirlər

Antalyada keçirilən COP31 İqlim Sammitində kənd təsərrüfatı, su ehtiyatları və ərzaq təhlükəsizliyi əsas müzakirə mövzuları arasındadır. Sammit çərçivəsində iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı sistemləri, kənd yerlərində təchizat zəncirləri və ərzaq israfına qarşı mübarizə məsələləri müzakirə olunacaq.

TodayPress TV xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin açıqladığı proqrama əsasən, COP31 çərçivəsində kənd təsərrüfatı və meşəçilik sahələri üzrə beş əsas tədbirin, eləcə də 30-dan çox əlavə tədbirin keçirilməsi nəzərdə tutulur.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı da sammitin kənd təsərrüfatı gündəliyinə həsr olunan bir sıra müzakirələrdə iştirak edəcək.

Türkiyənin “Firuzəyi Bağlantılılıq Təşəbbüsü” təqdim olunacaq

COP31 çərçivəsində Türkiyənin “Firuzəyi Bağlantılılıq Təşəbbüsü”nün təqdim edilməsi planlaşdırılır.

Təşəbbüs su, enerji, ərzaq və ekosistem arasındakı qarşılıqlı əlaqələrin kompleks şəkildə qiymətləndirilməsinə yönəlib. Konfransda bu sahələrin bir-biri ilə əlaqəsi və iqlim dəyişikliklərinə uyğunlaşma istiqamətində görülən işlər müzakirə olunacaq.

Ərzaq israfına qarşı mübarizə gündəmdədir

Sammitdə ərzaq itkilərinin azaldılması və ərzaq israfına qarşı mübarizə istiqamətində görülən işlər də nəzərdən keçiriləcək.

Proqrama ərzaq israfına qarşı qlobal fəaliyyət planı və Regional Mükəmməllik Mərkəzinin fəaliyyəti daxildir. Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) əməkdaşlığı ilə hazırlanmış kənd yerlərində təchizat zəncirlərinə dair hesabatın da konfrans çərçivəsində təqdim olunması planlaşdırılır.

Qadın və gənc fermerlər üçün görüşlər keçiriləcək

COP31-in kənd təsərrüfatı proqramında qadın fermerlər və gənc fermerlərlə bağlı iki ayrı yüksək səviyyəli dialoq görüşü nəzərdə tutulub.

Nazir İbrahim Yumaklının da qatılacağı müzakirələrdə kənd yerlərində təchizat zəncirləri, su və ərzaq təhlükəsizliyi, həmçinin fermerlərin kənd təsərrüfatındakı rolu diqqət mərkəzində olacaq.

Kənd təsərrüfatında süni intellekt və yeni texnologiyalar müzakirə ediləcək

Konfransın noyabrın 9-na nəzərdə tutulan proqramına kənd təsərrüfatında süni intellekt və innovasiyalarla bağlı müzakirə də daxildir.

Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsi (TAGEM) ilə CGIAR-ın birgə təşkil edəcəyi sessiyada kənd təsərrüfatında süni intellektin tətbiqi, iqlim dəyişikliklərinə davamlılıq və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Türkiyə pavilyonunda keçirilməsi planlaşdırılan tədbirin açılış nitqini nazir İbrahim Yumaklı söyləyəcək.

COP31-də su və ərzaq təhlükəsizliyi də müzakirə olunacaq

Antalyada keçirilən konfransın noyabrın 9-na aid proqramında kənd təsərrüfatı və kənd yerlərinin inkişafında iqlim dəyişikliklərinə uyğunlaşma, su-enerji-ərzaq-ekosistem əlaqəsi və dəyişən iqlim şəraitində ərzaq təhlükəsizliyi mövzuları yer alır.

Bundan əlavə, təsərrüfatdan süfrəyədək bütün mərhələləri əhatə edən dövri kənd təsərrüfatı sistemləri, ərzaq təchizatının təhlükəsizliyi və iqlim dəyişikliklərinə uyğunlaşma məsələləri də müzakirə ediləcək.

COP31-in kənd təsərrüfatı gündəliyində əsas diqqət iqlim dəyişikliklərinin təsirlərinə daha davamlı ərzaq sistemlərinin yaradılmasına yönəlib.

Qiymət Mahir

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər