“Heç bir güc iki qardaş xalqı ayıra bilməz!” – Erol Özvardan COP31-də tarixi bəyanat

“Heç bir güc iki qardaş xalqı ayıra bilməz!” – Erol Özvardan COP31-də tarixi bəyanat
09.11.2026 16:02 Tədbirlər

"Türkiyə və Azərbaycan qədim dost və qardaş ölkələrdir. Dövlətlərimiz ayrı olsa da, xalqlarımız birdir. Biz vahid xalqın nümayəndələriyik və qardaşıq. Heç bir güc, heç bir qüvvə bu iki qardaş xalqı bir-birindən ayıra bilməz".

Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvar bunu Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində TodayPress TV-yə açıqlamasında bildirib.

O qeyd edib ki, iki ölkə arasındakı sarsılmaz birliyin bütün dünyaya nümayiş etdirilməsində dövlət başçılarının Şuşada çəkdirdiyi birgə foto xüsusi əhəmiyyət daşıyır:

"İstər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, istərsə də Azərbaycan Prezidenti İlham Əliyev bu görüntü ilə iki dost və yaxın müttəfiq ölkənin, iki qardaş dövlətin bir-birinə nə qədər möhkəm tellərlə bağlı olduğunu bütün dünyaya nümayiş etdirdilər. Bu baxımdan, dünən Şuşadan verilən mesaj tarixi əhəmiyyət daşıyır. Bu, yalnız dostlarımıza deyil, eyni zamanda dost olmayan tərəflərə də ünvanlanmış mühüm mesajdır. Hesab edirəm ki, hər kəs bu mesajı düzgün anlayıb. Biz də hər iki dövlət başçısının çatdırdığı fikri çox yaxşı dərk etmişik. Məhz bu baxışa uyğun olaraq, təhsil, elm və innovasiya sahələrində fəaliyyətimizi davam etdiririk".

Sədr Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında universitetlərarası əlaqələrin, elmi və akademik əməkdaşlığın inkişafı istiqamətində indiyədək görünməmiş səviyyədə sıx tərəfdaşlıq qurulduğunu xüsusi vurğulayıb.

"Həyata keçirdiyimiz əsas işlərdən biri tələbə və professor-müəllim heyətinin mübadiləsini genişləndirməkdir. Bu, akademik əməkdaşlığın təməlini təşkil edir. Lakin təməl üzərində bina ucaldılmadıqda onun özü-özlüyündə heç bir əhəmiyyəti olmur. Həmin təməlin üzərində binanı da qurmaq lazımdır. Bu binanın təcəssümü isə birgə elmi tədqiqatlardır.

Son illərdə Azərbaycan və Türkiyə alimləri, universitet müəllimləri arasında elmi əməkdaşlıq sahəsində olduqca uğurlu tərəfdaşlıqlar formalaşıb. İstər Avropa Ali Təhsil Məkanı çərçivəsində, o cümlədən Horizon proqramı vasitəsilə, istərsə də hər iki ölkənin ayırdığı maliyyə vəsaitləri və yaratdığı imkanlar hesabına mühüm layihələr həyata keçiririk.

Bununla yanaşı, elmi tədqiqat və inkişaf sahəsində birgə fəaliyyətlə yanaşı, hər iki ölkədə yeni nəsil gənc alimlərin və akademik kadrların yetişdirilməsi istiqamətində də əməkdaşlıq edirik. Bu məsələdə cənab nazir Emin Əmrullayevlə olduqca səmərəli və uzlaşmış fəaliyyət göstərdiyimizi xüsusi qeyd etməliyik.

Növbəti mühüm istiqamət professor-müəllim heyətinin inkişafı və hazırlanması ilə yanaşı, Türkiyə və Azərbaycan universitetlərinin təcrübəsini bir araya gətirən ortaq ali təhsil müəssisəsinin yaradılmasıdır. Məhz bu məqsədlə cənab İlham Əliyevin tapşırıq və sərəncamı əsasında Bakıda Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayıb.

Bu, ali təhsil sahəsində əməkdaşlığımızın ən konkret və real təzahürlərindən biridir.

Biz Türkiyə-Azərbaycan Universitetində Türkiyənin üç böyük universitetinin tədris proqramlarının həyata keçirilməsinə başlamışıq. Sevindirici haldır ki, Azərbaycanın istedadlı və seçkin gəncləri bu ali təhsil müəssisəsinə böyük maraq göstərərək burada təhsil almağa başlayıblar.

Əməkdaşlığımızın ən real təcəssümü olan Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin daha da genişləndirilməsini son dərəcə vacib hesab edirik. Ali Təhsil Şurası olaraq bu istiqamətdə bütün səylərimizi səfərbər etmişik və bundan sonra da eyni əzmlə fəaliyyətimizi davam etdirəcəyik".

Erol Özvar sonda Türkiyənin Azərbaycanla elm və texnologiya sahəsində münasibətlərini indiyədək görünməmiş səviyyəyə çatdırdığını və bu istiqamətdə son dərəcə səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər