Yeni il bayramı haramdır? - AÇIQLAMA
Cəmiyyət
26.12.2025 16:04
"İslam dinində iki əsas bayramın – Qurban və Ramazan bayramlarının mövcud olduğu məlumdur".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycanın dünyəvi dövlət olması səbəbindən xalqımız əsrlərdir bir sıra milli və dünyəvi bayramları da qeyd edir:
"Miladi təqvimlə yeni ilin başlanğıcının bayram kimi qarşılanması da bu ənənələr sırasındadır. Müsəlman təqvimi olan hicri tarixin başlanğıcının bayram kimi qeyd olunmaması İslam dinində bu barədə xüsusi ənənənin olmaması ilə bağlıdır. İslam dininin əsas prinsiplərinə görə hər hansı bayramın qeyd olunması dinin qaydalarına zidd deyilsə, buna qadağa qoyulmur. İslam dininin prinsipləri belədir ki, istənilən bayram əgər dinə, dinin qaydalarına müxalif deyilsə, keçirilə bilər. Yeni il bayramında heç kim bütə sitayiş etmir, Allaha şərik qoşmur, dinə qarşı üsyan etmir, qəddarlıq nümayiş etdirmir və pis əməllərlə məşğul olmur".
İlahiyyatçı vurğulayıb ki, əksinə, yeni il bayramı insanların bir araya gəlməsinə, sevinc paylaşmasına və sosial münasibətlərin möhkəmlənməsinə xidmət edir:
"Bu bayramda insanlar şənlənir, bir-birinə sevinc bəxş edir, sosial əlaqələrini genişləndirirlər. Belə olan halda burada heç bir qəbahət ola bilməz".
Tural İrfan yeni ilin qeyd olunmasına qarşı çıxan mövqeləri tənqid edib. O əlavə edib ki, bu yanaşmalar əsasən mühafizəkar radikal baxışlardan qaynaqlanır:
"Qarşı çıxanlar mühafizəkar radikallardır ki, onlar əhalini orta əsrlərə, mağara dövrünə sürükləmək istəyirlər".
O qeyd edib ki, həm Yeni il, həm də Novruz bayramının qeyd olunmasında dini baxımdan problem yoxdur. Lakin bununla yanaşı, dini çərçivələr də qorunmalıdır:
"Yeni ili də qeyd etmək olar, Novruz bayramını da. Sadəcə bu bayramlarda İslam dininə görə günah sayılan əməllərə yol verilməməlidir", - deyə ilahiyyatçı fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: İslam,Yeni il,Bayram,Milad,Todaypress.tv,
