20 milyon dələ eyni anda yoxa çıxdı? 58 illik sirr araşdırılır
1968-ci ilin payızında ABŞ-nin şərqində qeyri-adi təbiət hadisəsi baş verib. Milyonlarla boz dələ gözlənilmədən yaşadıqları əraziləri tərk edərək kütləvi şəkildə köç etməyə başlayıb. Heyvanlar avtomobil yollarını keçib, binalara daxil olub, hətta gölləri və su anbarlarını üzərək keçməyə çalışıblar.
TodayPress TV “Times of India” nəşrinə istinadən xəbər verir ki, alimlərin hesablamalarına görə, həmin dövrdə kütləvi köçdə təxminən 20 milyon dələ iştirak etmiş ola bilər.
Zooloqların fikrincə, bu qeyri-adi hadisənin mümkün səbəblərindən biri palıd ağaclarının məhsuldarlığındakı dəyişikliklər nəticəsində yaranan qida çatışmazlığıdır.
Məlumata görə, palıd qozaları Şimali Amerikanın şərqində yaşayan boz dələlərin əsas qida mənbələrindən biridir. Lakin palıd ağaclarının məhsuldarlığı ildən-ilə ciddi şəkildə dəyişə bilir. Bol məhsullu mövsümdən sonra qıtlıq dövrünün başlaması heyvanları yeni qida mənbələri axtarmağa məcbur edə bilər.
Hadisənin səbəblərini araşdırmaq üçün alimlər Şimali Karolina ştatının Eşvill şəhəri ətrafında beş palıd növünün 1962–1973-cü illərdəki məhsuldarlığını təhlil ediblər.
Araşdırma göstərib ki, hava şəraiti ilə ağacların məhsuldarlığı arasında mürəkkəb əlaqə mövcuddur. Xüsusilə yaz və yay aylarında temperaturun yüksəlməsi bəzi palıd növlərində qozaların sayının azalması ilə əlaqələndirilib.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bir il bol məhsul verən ağaclar növbəti mövsümdə daha az məhsul verə bilər. Bunun səbəbi ağacların intensiv toxum istehsalından sonra ehtiyatlarını bərpa etmək üçün zamana ehtiyac duymasıdır.
Alimlərin izahına görə, palıd qozalarının bol olması dələlərin sağ qalmasına və çoxalmasına şərait yaradır. Lakin sonrakı dövrdə qida ehtiyatları azaldıqda rəqabət güclənir və heyvanlar yem axtarmaq üçün böyük məsafələr qət etməli olurlar.
Bununla belə, tədqiqatçılar 1968-ci ildəki kütləvi köçün yalnız bir hava anomaliyası nəticəsində baş verdiyini iddia etmirlər. Onların fikrincə, hava şəraiti, palıd ağaclarının məhsuldarlığındakı dəyişikliklər və qida çatışmazlığı kimi bir neçə amilin üst-üstə düşməsi bu qeyri-adi təbiət hadisəsinə səbəb olmuş ola bilər.
Kübra Musayeva