Məktəb avtobusları üçün zolaqlar çəkiləcək?

Cəmiyyət

26.12.2025 17:13

AYNA tərəfindən açıqlanıb ki, məktəbli avtobusları mövcud avtobus xətlərinə daxil ola bilməyəcək. Bu məsələ fonunda məktəb servisləri üçün xüsusi yol zolaqlarının ayrılması ilə bağlı müzakirələr gündəmə gəlib.


Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırkı mərhələdə məktəb avtobusları üçün ayrıca yol zolağının ayrılması real və əsaslandırılmış görünmür.


Onun sözlərinə görə, bunun əsas səbəbi ölkədə məktəb avtobuslarının fəaliyyəti ilə bağlı vahid standartların və hüquqi mexanizmlərin formalaşmamasıdır:

"Hazırda ölkəmizdə məktəb avtobuslarının fəaliyyəti ilə bağlı vahid standartlar, texniki tələblər və hüquqi reqlament mövcud deyil. Marşrutları, hərəkət qrafiki, təhlükəsizlik normaları və məsul qurumları dəqiq müəyyən olunmayan bir nəqliyyat növü üçün ayrıca infrastruktur yaratmaq mümkün deyil".


Ekspert əlavə edib ki, mövcud avtobus zolaqları ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsi və yol sıxlığının azaldılması məqsədi daşıyır. Bu zolaqların funksiyasından kənar istifadəsi mənfi nəticələrə səbəb ola bilər:

"Mövcud avtobus zolaqları şəhər və rayonlararası sərnişindaşımanı həyata keçirən marşrut avtobuslarının hərəkətini sürətləndirmək üçün nəzərdə tutulub. Bu zolaqlardan kənar nəqliyyat vasitələrinin istifadəsinə icazə verilməsi həm yol hərəkəti qaydalarının pozulmasına, həm də ictimai nəqliyyatın effektivliyinin azalmasına gətirib çıxara bilər".

Mütəxəssisin fikrincə, məktəb avtobusları üçün ayrıca zolaqların yaradılması ideyasına keçməzdən əvvəl sistemli yanaşma vacibdir:

"Bu sahədə ilk növbədə normativ-hüquqi baza formalaşdırılmalı, vahid məktəb avtobusu modeli yaradılmalı və sistemli yanaşma tətbiq edilməlidir. Yalnız bundan sonra belə bir təşəbbüsün müzakirəsi məqsədəuyğun ola bilər".

Türkan İsgəndərli

tag: AYNA,Eldəniz Cəfərov,Məktəb avtobusları,Zolaq ,Todaypress.tv,