Bazar günləri işləyək - Parlamentdə mübahisəli təklif
Cəmiyyət
26.12.2025 17:25
"Paytaxtda və mərkəzi şəhərlərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə sürüşkən iş rejiminə keçid müzakirə olunsa da, bu tədbir problemin köklü həlli üçün yetərli deyil".
Bu fikirləri sosioloq Üzeyir Şəfiyev TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sürüşkən iş qrafiki müəyyən qədər rahatlıq yarada bilər, lakin məsələ daha geniş və kompleks makro-siyasət tələb edir:
"Sürüşkən iş rejiminə keçid paytaxt və mərkəzi şəhərlərdəki tıxaclar üçün zəruridir, amma kafi əsas deyil. Çünki regionlardan paytaxta axın çox sürətlidir və bu artıq bum xarakteri daşıyır. Bu axının qarşısı əlavə mexanizmlərlə alınmalıdır".
Sosioloq əlavə edib ki, regionlarla paytaxt arasında mövcud olan sosial-iqtisadi fərqlər azaldılmadan, yalnız texniki və inzibati alətlərlə problemi həll etmək mümkün olmayacaq:
"Əgər regionlarla bağlı məşğulluq, sosial imkanlar və paytaxtla bölgələr arasındakı fərqlər azaldılmasa, sürüşkən iş rejimi və digər bu tip alətlər yetərli olmayacaq. Bu məsələ hətta respublika səviyyəsində, ali rəhbərlik və sahə mütəxəssislərinin iştirakı ilə institusional şəkildə müzakirə olunmalıdır. Azərbaycanda regionlardan paytaxta axın qlobal şəhərləşmə prosesinin tərkib hissəsi olsa da, hazırda bu prosesin ölkə üçün təhlükəli sürət aldığı müşahidə olunur. Şəhərləşmə və miqrasiya bütün dünyada var, amma Azərbaycanda bu gün bu proses bum xarakteri alıb. Əgər bu axın səngiməsə, heç bir lokal tədbir bunun öhdəsindən gələ bilməz".
Ekspertin fikrincə, əsas çıxış yolu regionlarda davamlı və kollektiv iş sahələrinin yaradılmasıdır. O vurğulayıb ki, açılan yeni iş yerlərinin böyük əksəriyyəti Bakı və Abşeronun payına düşür:
"İl ərzində təxminən 90 mindən çox iş yeri açılır, amma bunun 70-80 faizi Bakı və Abşeronda cəmlənir. Əgər bu iş yerləri regionlarda, xüsusən kollektiv iş sahələri formatında yaradılsa, gənclər paytaxta üz tutmaz. Regionlarda gənclərin sosial və mənəvi ehtiyaclarının qarşılanması da vacibdir. Səhiyyə, təhsil, sosiallaşma və asudə vaxt imkanları bölgələrdə əlçatan olmalıdır. Rayon mərkəzləri ən azı paytaxta yaxın səviyyədə imkanlarla təmin olunmalıdır ki, gənclər mənəvi və sosial ehtiyaclarını ödəmək üçün paytaxta gəlməyə məcbur qalmasınlar".
Mütəxəssis regionlarda müasir şəhər mühitinin formalaşdırılmasını, mövsümi turizmin, xüsusilə qış turizminin inkişaf etdirilməsini də vacib hesab edib. O bildirib ki, qış aylarında regionlardan paytaxta axının artması turizm imkanlarının zəifliyi ilə də bağlıdır:
"Regionlarda gənclər üçün pay torpaqları ayrılmalı, faizsiz kreditlər verilməlidir ki, onlar ev tikə, ailə qura bilsinlər. Bu həm də təbii artıma müsbət təsir göstərə bilər".
Üzeyir Şəfiyev vurğulayıb ki, paytaxtdakı tıxac və həddindən artıq sıxlıq problemi yalnız sürüşkən iş qrafiki ilə deyil, kompleks və uzunmüddətli regional inkişaf siyasəti ilə həll oluna bilər.
Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda sürüşkən iş rejiminə keçirilməsi, hətta bir sıra müəssisələr üçün bazar gününün iş günü olmasını təklif edib.

Parlamentari bildirib ki, tıxac probleminin həlli ilə bağlı müxtəlif istiqamətlərdə düşünməliyik.
Türkan İsgəndərli
tag: İş,Bazar,Təklif,Parlament,Todaypress.tv,
