2026-cı il üçün Azərbaycan-Türkiyə ticarət dövriyyəsi açıqlandı
2026-cı ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 3,2 milyard dollardan çox olub.
TodayPress TV "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.
O, iki ölkə arasında mövcud münasibətləri tənzimləyən xüsusi formatların mövcud olduğunu vurğulayıb:
"Strateji Əməkdaşlıq Şurası, siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq komissiyası və digər müstəvilərdə bu əməkdaşlıq mövcuddur".
Nazir işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin fəaliyyətini də yüksək qiymətləndirib.
C.Bayramov əlavə edib ki, hazırkı mərhələdə iki ölkə arasında çox böyük perspektivə malik və növbəti onilliklərə yönəlik layihələr var:
"Bu kontekstdə işlər aparılır. Həmin layihələr içərisində Azərbaycanda istehsal edilən alternativ enerjinin Qara dəniz üzərindən daşınması, burada Türkiyənin iştirakını, eləcə də Naxçıvanı Türkiyə ilə birləşdirən yeni enerji kabelini qeyd etməliyəm. Bu layihə nəinki Azərbaycan və Türkiyə üçün, Avropa bazarı üçün çox böyük potensiala malikdir".
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında nəqliyyat sahəsində də mühüm layihələr həyata keçirilir.
Nazir onu da bildirib ki, iki ölkənin hökumətlərarası komissiyasının iclaslarına böyük önəm verilir: "Burada humanitar, gənclər, idman və digər sahələr üzrə əməkdaşlığa dair müzakirələr aparılır".