Türkiyədəki bəzi "yobazlar" anlamalıdırlar ki, qardaşlıq işğal haqqı vermir! - RƏY
“Qardaşlıq dövlət suverenliyinə alternativ deyil. Əsl qardaşlıq məhz qarşı tərəfin müstəqilliyinə, ərazi bütövlüyünə və siyasi iradəsinə hörmətlə başlayır”.
TodayPress TV xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru Qoşqar Bəylərov Türkiyə-Azərbaycan münasibətləri ətrafında sosial şəbəkələrdə aparılan müzakirələri şərh edərkən deyib.

O bildirib ki, Türkiyədə Azərbaycana qarşı sərt, təhdidedici və bəzən açıq şəkildə ərazi iddiaları ehtiva edən fikirləri bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi qiymətləndirmək düzgün deyil:
“Türkiyə cəmiyyətini bütövlükdə nəzərdə tutmuram. Söhbət daha çox radikal ideoloji mövqelərdən çıxış edən, dini və siyasi ritorikanı dövlətlərarası münasibətlərin hüquqi və siyasi reallıqlarından üstün tutan müəyyən qruplardan gedir. Ayrı-ayrı şəxslərin mövqeyini bütöv bir cəmiyyətə şamil etmək düzgün olmadığı kimi, onların səsləndirdiyi təhlükəli fikirləri də əhəmiyyətsiz hesab etmək olmaz”.
Qoşqar Bəylərov xüsusilə Türkiyənin 81 vilayətinə istinadən Azərbaycanın 82-ci vilayət olmalı olduğu barədə səsləndirilən fikirlərin qəbuledilməz olduğunu bildirib:
“İlk baxışda populist ritorikanın elementi kimi görünən bu ifadələr, əslində, başqa bir müstəqil dövlətin suverenliyinə münasibəti də ortaya qoyur. Beynəlxalq münasibətlər sistemində dövlətlərin bərabər suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi fundamental prinsiplərdir. Bu prinsiplər dostluq və ya müttəfiqlik münasibətlərinin mövcudluğundan asılı deyil”.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında fikir ayrılığı və ya siyasi anlaşılmazlıq yarandıqda bəzi şəxslərin dərhal işğal ritorikasına müraciət etməsi münasibətlərin mahiyyətinə ziddir.
“Əgər iki ölkə arasında münasibətlər qardaşlıq və strateji tərəfdaşlıq anlayışları üzərində qurulubsa, bu münasibətlərin ən mühüm şərtlərindən biri qarşı tərəfin müstəqilliyinə və suverenliyinə qeyd-şərtsiz hörmət olmalıdır. Qardaşlıq bir dövlətin digər dövlət üzərində üstünlük iddiasını deyil, qarşılıqlı etimadı və bərabərhüquqlu münasibətləri ifadə etməlidir”, - deyə o bildirib.
Ekspert hesab edir ki, Azərbaycanın Türkiyə ilə münasibətlərinin strateji əhəmiyyəti ölkənin öz milli maraqlarını və dövlət suverenliyini müdafiə etmək hüququnu məhdudlaşdırmır. Əksinə, davamlı ikitərəfli münasibətlər qarşılıqlı həssaslıqların nəzərə alınmasını, suverenliyə hörməti və məsuliyyətli siyasi davranışı tələb edir.
O, Həmçinin Azərbaycana qarşı ərazi iddiaları irəli sürən və ya dövlətin təhlükəsizliyinə yönələn təhdidedici açıqlamalar verən şəxslərlə bağlı hüquqi və diplomatik mexanizmlərin tətbiqinin diqqətdə saxlanılmalı olduğunu vurğulayıb.
“Ölkəyə girişinə məhdudiyyət qoyulan şəxslərin siyahısının genişləndirilməsi məsələsi də konkret bəyanatlar, fəaliyyət və qanunvericiliyin tələbləri əsasında qiymətləndirilə bilər. Burada məqsəd emosional reaksiyalar deyil, dövlətin suverenliyinin və milli maraqlarının hüquqi vasitələrlə qorunması olmalıdır”, - analitik əlavə edib.
O qeyd edib ki, Türkiyə ilə münasibətləri qorumaq Azərbaycanın milli maraqlarını müdafiə etmək prinsipindən imtina etməsi kimi başa düşülməməlidir. Strateji tərəfdaşlıq yalnız qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlər əsasında davamlı ola bilər.
Jalə Rövşən