İran Rusiyadakı "dindar"azərbaycanlıları da üstümüzə qaldırdı
Azərbaycanda təhsil müəssisələrində tətbiq olunan vahid məktəbli geyimi qaydaları ətrafında növbəti informasiya təxribatı dövriyyəyə buraxılıb. Bu dəfə ssenari daha mürəkkəb, coğrafiya isə daha genişdir: platforma kimi Gürcüstandakı media resursu seçilib, spiker rolunda Rusiyada məskunlaşan "dindar" azərbaycanlılar çıxış edir, dirijor çubuğu isə birbaşa Tehranın əlindədir.
Belə ki, Gürcüstan mediasında video yayılıb. Videoda Rusiyadakı bir qrup azərbaycanlı din xadimi toplantı keçirərək Bakının vahid geyim qərarını "hicab qadağası" kimi qələmə verib, hökuməti "qanunsuzluqda" ittiham edir. Təxribatın dozasını artırmaq üçün cəmiyyətin həssas damarına toxunan açıq yalan da dövriyyəyə buraxılıb: guya Azərbaycanda yəhudi şagirdlərə dini atributlarla dərsə gəlməyə icazə verilir, amma müsəlmanlara yox.
Halbuki gerçəklik hamıya bəllidir. Azərbaycan dünyəvi dövlətdir və məktəblərdə tətbiq edilən vahid geyim forması dini, etnik və ya sosial mənşəyindən asılı olmayaraq bütün şagirdlər üçün istisnasız olaraq eynidir. Heç bir dini icmaya xüsusi imtiyaz tanınmır və tanına da bilməz.
Bu çirkin kampaniyanın arxasında dayanan mexanizmə baxaq:
İcraçılar (Danışanlar): Rusiyada yaşayan və müəyyən xarici dairələrin təsiri altında olan "dindar" azərbaycanlılar.
Platforma (Yayanlar): Gürcüstanda fəaliyyət göstərən və bu cür həssas mövzuları tirajlamaqla məşğul olan regional media resursu.
Sifarişçi və Ssenari Müəllifi: Təbii ki, İran.
Nəzərə alsaq ki, İran uzun illərdir Gürcüstanın, xüsusilə azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsində dini və ideoloji təsirini genişləndirməyə çalışır. Bu təsir dini təhsil, məscidlər, dini təşkilatlar, İranın Qum şəhərində təhsil almış din xadimləri və mədəni əlaqələr vasitəsilə formalaşır. Xəbərin buradan yayılması da məsələdə İranın əlini açır.
Tehranın uzun müddətdir Bakının müstəqil xarici siyasətini, dünyəvi dövlət modelini və regionda artan nüfuzunu həzm edə bilmədiyi sirr deyil. Bunlar ölkə daxilində nifaq salmaq cəhdləri boşa çıxdıqca, xaricdəki azərbaycanlılar üzərindən psixoloji təzyiq rıçaqları yaratmağa çalışırlar. Gürcüstandakı dini-radikal alətləri və Rusiyadakı dindarları eyni cəbhədə birləşdirməkdə məqsəd həm diasporamızı bölmək, həm də Azərbaycanın beynəlxalq imicinə "dini azadlıqları məhdudlaşdıran ölkə" damğası vurmaqdır.
Lakin unudurlar ki, bu cür bəsit və artıq deşifrə olunmuş ssenarilər Azərbaycan cəmiyyətində işləmir.
Vahid geyim məsələsi dini qadağa deyil, dövlətin təhsil sistemində bərabərliyi təmin edən hüquq normasıdır. Və heç kim müstəqil Azərbaycanın daxili məsələsinə burun soxa bilməz.
Jalə Rövşən
TodayPress TV sözügedən videonu təqdim edir: