La Liqada böyük skandalın sonu: Qəzəbli yarımmüdafiəçi ağır cəzaya məruz qaldı!
İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Betis”in yarımmüdafiəçisi Fakundo Bernalı 4 oyunluq diskvalifikasiya edib.
TodayPress TV xəbər verir ki, 23 yaşlı uruqvaylı futbolçu La Liqanın IX turu çərçivəsində keçirilən “Betis” – “Barselona” (2:5) matçının 54-cü dəqiqəsində Kataloniya təmsilçisinin vingeri Lamin Yamala hücum etdiyi üçün qırmızı vərəqə alıb.
Tərəflər arasındakı mübahisə zamanı rəqibin boynundan tutaraq bir neçə dəfə başla zərbə endirən Bernal hakimin qərarı ilə meydançadan qovulub. “Betis” klubu qərarı apellyasiya etməyə çalışsa da, iddialar rədd edilib.
Nəticədə oyunçu çempionatda “Selta”, “Malaqa” və “Elçe”, həmçinin İspaniya Kubokunda “Navalkarnero” ilə matçları buraxmalı olacaq.
Namiq HUN