Ərdoğanın zəngi və Bakı-Ankara xəttində açıq qalan suallar - RƏY
“Bakının mövqeyi açıqdır: Azərbaycanın dünyəvi dövlət quruluşuna, daxili məsələlərinə və müstəqil siyasətinə müdaxilə qəbuledilməzdir”.
TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Asif Nərimanlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini şərh edərkən bildirib.

O qeyd edib ki, liderlərin telefon danışığı ilə bağlı yaydığı rəsmi məlumatların eyni olması münasibətlərin gələcəyi ilə bağlı ortaq mövqenin formalaşması baxımından əhəmiyyətlidir.
“İki ölkə arasındakı gərginlik Türkiyədə hakimiyyət nümayəndələrinin də iştirakı ilə Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın aparılmasından qaynaqlanır. Bakı üçün bu prosesdə Ankaradan birinci şəxs istisna olmaqla, istənilən səviyyəli təmaslar həlledici ola bilməzdi. Çünki informasiya hücumları ilk deyil, Azərbaycan isə son qoyulmasını istəyir və bunun olmayacağı təminatını yalnız Ərdoğan verə bilər”.
Asif Nərimanlı Ərdoğanın Əliyevi Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək 13-cü Zirvə Görüşünə dəvət etməsini də mühüm məqam kimi qiymətləndirib:
“Ankarada keçiriləcək Zirvədə TDT-yə sədrlik Azərbaycandan Türkiyəyə keçəcək. Baş verənlər isə təkcə Bakı-Ankara xəttində yox, TDT daxilində və təşkilatın gələcək strategiyasında ciddi risklər yaradır. Gərginliyin aradan qalxması bu baxımdan vacibdir”.
O, Türkiyədə Azərbaycana qarşı informasiya hücumlarının tamamilə dayanacağına şübhə ilə yanaşaraq bunun səbəblərini də açıqlayıb:
“Fikir ayrılığının təməl səbəblərindən biri dünyəvi modellə dini-ideoloji yanaşmanın toqquşmasıdır və Ankaranın rəsmi dairələrində Bakı ilə münasibətlərə bu kontekstdə baxanlar var.
Azərbaycana qarşı informasiya hücumları, təzyiq cəhdləri uzun müddətdir davam edir, son hadisələr burada motiv rolunu oynadı: bu, ziddiyyətlərin görünəndən daha dərin olduğu deməkdir”.
Ekspertin sözlərinə görə, bundan sonra münasibətlərin gələcəyini daha çox Türkiyə rəhbərliyinin yanaşması müəyyənləşdirəcək.
“Bakının mövqeyi isə açıqdır: Azərbaycanın dünyəvi dövlət quruluşuna, daxili məsələlərinə və müstəqil siyasətinə müdaxilə qəbuledilməzdir.
Əslində son gərginliyin ən mühüm nəticəsi bu oldu. İndiyə qədər Türkiyədən olan hücumlar Azərbaycanda loyallıqla qarşılanır, problemin diplomatik və ictimai kanallarla həll edilməsi xətti izlənilirdi. Çünki Azərbaycan Türkiyəyə yanaşmada hər zaman qardaşlıq münasibətlərinə əsaslanıb. Son müdaxilə cəhdlərində isə Bakı sərt mövqe izləməklə “qırmızı xətlərini” müəyyənləşdirdi”, - deyə Asif Nərimanlı fikrini yekunlaşdırıb.
Jalə Rövşən