Azərbaycan bizimkilərə dərs verdi - Türkiyəli yazardan SENSASİON YAZI
Türkiyənin “Sözcü” qəzetinin tanınmış köşə yazarı Emin Çölaşan Azərbaycanın təhsil müəssisələrində vahid geyim forması ilə bağlı qərarı və Ankaranın buna reaksiyasına dair məqalə yazaraq diqqətçəkən məqamlara toxunub.
TodayPress TV musavat.com-a istinadən xəbər verir ki, yazar bütün dünyada keçərli olan suverenlik hüququ prinsipini xatırladaraq, hər bir ölkənin öz daxili qaydalarını sərbəst müəyyən etmək hüququna malik olduğunu vurğulayıb.
Çölaşan qeyd edir ki, bir neçə gün əvvəl bu məsələ ilə bağlı Türkiyədə maraqlı hadisə yaşanıb:
"Azərbaycan hökuməti bir qərar qəbul etdi: İbtidai məktəblərdə və liseylərdə şagirdlərin və müəllimlərin başörtüsü taxaraq dərsə gəlməsi qadağan edildi. Həmin o şeydən söhbət gedir ki, adına türban, baş örtüyü deyirlər!
Bu qərarı qəbul edən və qəbul etdirən, əlbəttə ki, Azərbaycanın Prezidenti İlham Əliyev idi. Bizimkilərin hər məsələdə çox yaxınında dayanan bir dostumuz! Bizimkilər isə eyni zamanda Azərbaycanın “böyük qardaşıdır!”

Hicab qərarı rəsmən bəlli olduqdan sonra Türkiyədəki bəzi dairələrin buna kəskin reaksiya verdiyini bildirən yazar əlavə edib:
"Təzyiq göstərib bu qərarı ləğv etdirəcəklərini düşündülər. Sonra da bütün İslam ölkələrinə "baxın, gücümüzü hər kəs görsün, təzyiq etdik və Azərbaycanın bu qərarı ləğv etməsini təmin etdik" deyə öyünəcəkdilər.
Sarayın baş müşaviri Oktay Saral çıxışında "Baş örtüyü taxan tələbələrin təhsil hüququ məhdudlaşdırılıb, Azərbaycan rəhbərliyi bu təcrübədən dərhal əl çəkməlidir" dedi.
Onu AKP Bursa millət vəkili Müfit Aydın izlədi:
"Azərbaycan hökuməti bu qərara dərhal son qoymağa məcburdur. İki ölkə arasındakı qardaşlıq münasibətlərinə zərər vurulmasın".
Bu sözlər təbii ki, Rəcəb Tayyibin göstərişi ilə deyilirdi.
Biri Sarayın, yəni onun özünün baş müşaviri, digəri isə partiyasının millət vəkilidir.
Özü danışmasa belə, onları danışdırırdı!
Onlar danışar, bizim hakimiyyət tərəfdarı mediası susarmı?! Elə həmin andan hamısı səfərbər oldu, qadağanın ləğv edilməsinə nail olmaq üçün xəbərlər hazırlamağa başladılar...
Anadolu Agentliyi, TRT, Sabah, Hürriyet, NTV, Habertürk və digərləri..."
Məqalədə vurğulanır ki, bu açıqlamalardan sonra Azərbaycan tərəfi dərhal adekvat reaksiya verib.
Dövlət televiziyasında "Bu ölkənin özünəməxsus milli dəyərləri var. Biz bu kimliyimizə ərəb və fars mədəniyyətlərini daxil etmərik. Türkiyədəki iqtidar nümayəndələrinin Azərbaycanın daxili işlərinə və suverenlik hüququna müdaxilə etmək hüququ yoxdur" fikirləri səsləndirilib.
Müəllif Prezident İlham Əliyevin də sərt mövqe nümayış etdirdiyini qeyd edir: "Hər kəs yerini bilsin, işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın. Hər kəs öz xalqı və dövləti ilə məşğul olsun".
Çölaşan yazır ki, bizimkilər gözləmədikləri bu sərt reaksiyadan sonra səhv etdiklərini anlayaraq vəziyyəti düzəltməyə və dost ölkəyə müsbət mesajlar göndərməyə başlayıblar:
"Rəcəb Tayyip Ərdoğan yenə öndə gedərək mesajında İlham Əliyevə "Qardaşım" deyə müraciət etdi. Bəli, tamamilə mənasız, bizimlə uzaqdan-yaxından əlaqəsi olmayan bir məsələyə müdaxilə etdilər. Sizə nə başqa bir ölkədəki örtünmə qadağasından?!
Siz Azərbaycan xalqını heç tanımırsınızmı? Onların böyük əksəriyyətinin sünni olmadığını, başörtüsü taxmadığını və sair məsələləri heç bilmirsinizmi?
Əgər sözünüz Azərbaycana keçirsə, onda Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımasını təmin etsənizə!
Əlbəttə, bu, bir az cəsarət tələb edir. Başörtüsü məsələsi varkən, kim ŞKTC-ni düşünər?!
Bəli, hörmətli oxucularım, vəziyyət belədir!"