Ərdoğanın Prezident İlham Əliyevə birbaşa zəngi hava haqqında məlumat deyil - ŞƏRH
Türkiyə prezidentinin Azərbaycan rəhbərinə zəngi kifayət qədər ciddi mətləblərdən xəbər verir. İlk növbədə ondan başlamaq lazımdır ki, Prezident Ərdoğanın Prezident İlham Əliyevi Azərbaycanın müstəqilliyinin qazanılmasının 35 illiyi münasibətilə təbrik etməsi çox ciddi bir açar sözdür. Bu ifadələrdə Azərbaycanın qazanan olması və əslində istənilən prosesdən qazanan dövlət olması faktına diqqət çəkmək lazımdır.
İkinci önəmli məsələ budur ki, uzun müddətdir Türkiyədən, xüsusilə də AKP kadrosundan Azərbaycanın linç edilmə kampaniyasına start verilmişdi və təəssüf, burada həm AKP-nin radikal dindar üzvləri ilə yanaşı, hətta hakimiyyətin yüksək eşalonunda təmsil olunan bəzi məmurlar var idi. Azərbaycan–Türkiyə münasibətlərinə onların açıqlamaları ciddi zərər vurdu. Eyni zamanda indiki hakimiyyətin radikal islamçı və kürd separatçıları ilə bağlantısı olan şəxslər Azərbaycan tərəfini ciddi şəkildə ağlagəlməz iddialarla ittiham etdilər və bu proses də artıq AKP-nin sədri kimi Ərdoğanın hadisələrə müdaxilə etməyə məcbur qalmasının göstəricisidir.
Elə hesab edirəm ki, başqa önəmli faktor cənab Prezidenti Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə şəxsən dəvət eləməsidir. Bu fakt özü-özlüyündə ondan xəbər verir ki, Azərbaycansız türk dünyası və Türk Dövlətləri Təşkilatı mövcud deyil. Azərbaycanın qədrini bilmək lazımdır və bu motivasiyaedici, birləşdirici, ideyaverici dövlət eyni zamanda həm də coğrafi baxımdan türk dövlətlərinin əsas birləşdirici gücüdür və determinantıdır. Mütləq şəkildə Azərbaycanla münasibətləri həmişə yüksək səviyyədə qorumaq lazımdır.
Dördüncü faktor bundan ibarətdir ki, baş verən proseslərin fövqündə Türkiyə rəhbərinin zəngi xüsusilə təqdirəlayiqdir. Çünki Azərbaycan tərəfindən qaynaqlanan yox, Türkiyə tərəfindən qaynaqlanan, ikili münasibətlərə zərbə vuran proseslər əndazədən o qədər çıxdı ki, şəxsən Prezident Ərdoğanın zəng etməyə məcbur qalması kimi bunu oxumaq lazımdır.
Beşincisi, önəmli faktor bundan ibarətdir ki, Prezident Ərdoğanın proseslərə qardaşlıq müstəvisindən yanaşması xüsusi diqqət çəkirdi. Mən elə hesab edirəm ki, digər istənilən məsələləri Türkiyədə də artıq başa düşüb kənara qoymağın bir məntiqi var və bu, artıq Azərbaycanın mövqelərindən sonra formalaşan və onların başa düşdüyü, eyni zamanda əsas məntiq də bundan ibarətdir.
Altıncısı, Türkiyədə də artıq anlayırlar ki, bu günə qədərki bəzi tarixi periodlarda yaşanan ziddiyyətli dönəmlərdə Azərbaycan heç vaxt öz mövqeyindən geri addım atmayıb. Və həmişə də istər 2010-cu il hadisələri, istər 90-cı illərin ümummilli liderin dönəmində Türkiyə kəşfiyyatının bəzi ünsürlərinin Azərbaycanda törətmək istədiyi dövlət çevrilişi də bu qəbildən oxunmalıdır. Və bu faktı da unutmaq lazım deyil ki, dünyada da, Türkiyədə də, yəni dövlətlərin fərqi yoxdur — qardaş yaxud digər — istənilən dövlət Azərbaycanın milli maraqlarının müdafiəsini başa düşməlidir, qəbul eləməlidir. Və bu da həm də o deməkdir ki, Azərbaycan rəhbərinin, dövlətinin, dövlətçiliyinin lüğətində Azərbaycan milli maraqları müzakirə mövzusu da geri addım atmaq kimi bir niyyət yoxdur. Və bu həqiqətin də dərk edilməsi kifayət qədər böyük addımdır.
Və nəhayət, çox böyük bir təxribatçı ordusu var. Həmin təxribatçı ordusunun, yəni Azərbaycanın qonşuları arasında, dünyada bu iki dövlətin böyük ittifaqına qarşı amansız hücumlar var, dağıdıcı münasibətlər var. Demək ki, hazırda gəlib çıxdığımız nöqtədə Türkiyədə nəhayət artıq anladılar ki, çox böyük bir itki ilə üzləşə bilərlər Azərbaycan nöqteyi-nəzərindən, Azərbaycanın itirilməsi ilə. Və unutmaq lazım deyil ki, Azərbaycan güclü dövlətdir, müstəqil dövlətdir, regional gücə çevrilibdir, Azərbaycanla dünyada hesablaşırlar. Demək ki, Azərbaycanın xarici siyasət xəttinə də hörmət etmək bütün ölkələrin borcudur. Və Ərdoğanın indiki bu açıqlamasını, Azərbaycan Prezidentinə zəngini də hansısa hava haqqında məlumatla qarışdırmaq olmaz.
Və bunu da unutmaq lazım deyil ki, Prezident Ərdoğan imkan verməməlidir ki, onun hakimiyyətinin yüksək vəzifəli şəxsləri Azərbaycanla münasibəti bu dərəcədə, bu həddə qədər pozsunlar. Biz onların uzun illərdir FETÖ-yə qarşı mübarizə apardıqlarını yaxşı bilirik, bu niyyəti alqışlayırıq, eyni zamanda hələ də mübarizənin davam etməsinə yönəlik təmənnamızı bir daha yeniləyirik. Hər halda növbəti mərhələdə həm də onu göstərdi ki, Azərbaycan tərəfi Türkiyə daxilindəki zərərli gücləri yaxşı tanıyır, ən azından açıqladığımız siyahıda həmin şəxslərlə bağlı dəqiq məlumatları bölüşməyimiz də bunun bariz göstəricisidir. Bu da Türkiyə rəhbəri üçün maraqlı bir siyahı olmalıdır.
Nəhayət, Azərbaycanın müstəqilliyinin bərpası günündən artıq 3 gün daha keçib.
Əziz Əlibəyli
Beynəlxalq məsələlər üzrə ekspert