Trampın kürəkənini qələmlə hədələyən Putinin “azərbaycanlı” tərcüməçisi Sadıqov kimdir?

Trampın kürəkənini qələmlə hədələyən Putinin “azərbaycanlı” tərcüməçisi Sadıqov kimdir?
17.11.2026 12:24 Təhlil

Böyük güclərin taleyüklü danışıqlar masasında bəzən bir kəlmə sözdən daha çox, o sözün hansı tonda və hansı jestlə deyilməsi həlledici olur. Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşnerlə 28 maddəlik sülh razılaşması ətrafında apardığı gərgin müzakirələrdə baş verən həmin epizod məhz bu qəbildəndir. Putin Avropa dövlətlərinin Ukraynaya qoşun yerləşdirməsi məsələsinə toxunarkən səsini yüksəldir, yanında əyləşən tərcüməçi isə əlindəki qələmi masaya vuraraq bu qəzəbi qarşı tərəfə eyni sərtliklə ötürür.

Sosial şəbəkələrdə və mediada bir anda gündəmə oturan bu kadrlar təkcə Vaşinqton–Moskva bazarlığının gərginliyini göstərmir, həm də hamını eyni sual ətrafında düşündürür: Putinin masaya qələm vuran o emosional tərcüməçisi kimdir və doğrudanmı o, azərbaycanlıdır?

Klassik diplomatiya məktəbində tərcüməçinin “qızıl qaydası” var: o, kölgə kimi görünməz olmalı, nə əl-qol hərəkəti etməli, nə də səs tonunu liderdən artıq yüksəltməlidir. Amma Kreml diplomatiyasında,  xüsusən Putin dönəmində bu qayda çoxdan dəyişib.

Dövlət başçısı statusu Putini bəzən açıq fiziki jestlərdən - masaya yumruq və ya qələm vurmaqdan çəkindirir. Çünki liderin özünün bu hərəkəti etməsi danışıqların pozulması kimi yozulur.

Tərcüməçi həmin jesti etdikdə isə məsuliyyət protokol baxımından prezidentin üzərində qalmır, lakin qarşı tərəfə klassik diplomat deyil, sərt biznes sövdələşmələri məktəbindən gələn Cared Kuşnerə “qırmızı xətt” mesajı maksimum sərtliklə çatdırılır.

Bəs Cared Kuşnerin qarşısında masaya qələm vuran şəxs həqiqətənmi “azərbaycanlı Sadıqov”dur?

Aleksey Sadıkov Rusiya Prezidenti Vladimir Putinin alman dili üzrə şəxsi tərcüməçisi və Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatik kadrıdır.

O, Rusiya Xarici İşlər Nazirliyinin Linqvistik Təminat Departamentinin aparıcı mütəxəssisi və baş müşaviri kimi çalışır.

Sovet və Rusiya diplomatik tərcümə məktəbinin yetirməsi olan Sadıkov  diplomatik jarqonuna və siyasi üslubuna mükəmməl bələd olan kadr kimi tanınır.

Onu dünya mediasında və sosial şəbəkələrdə məşhur edən əsas cəhət isə emosional sinxronluq bacarığıdır. Xüsusilə Angela Merkel və Olaf Şoltsla keçirilən gərgin mətbuat konfranslarında Putin istehza ilə güləndə Sadıkovun da eyni tonla gülməsi, Putin səsini qaldıranda və ya barmağını silkələyəndə onun da eyni ekspressiv intonasiya ilə danışması  Rusiya mətbuatında dəfələrlə xüsusi reportaj mövzusu olub.

Rusiya XİN-in birinci dərəcəli dövlət sirri daşıyan tərcüməçilər korpusuna daxil olduğu üçün onun dəqiq doğum tarixi, ailə vəziyyəti, valideynləri və etnik kökü barədə rəsmi bioqrafik məlumatlar açıq mənbələrdə yer almır.

İkincisi, “Sadıqov” soyadının mənşəyi məsələsi. Bəli, bu soyad bütün türk-müsəlman coğrafiyasına doğmadır. Lakin Rusiya imperiyası və SSRİ məkanında bu soyad təkcə azərbaycanlılar arasında deyil, tatarlar, başqırdlar, özbəklər və qazaxlar arasında da eyni cür -Садыков kimi rəsmiləşdirilib. Rusiya Prezidentinin şəxsi tərcüməçilərinin bioqrafiyası isə dövlət sirri səviyyəsində qorunduğu üçün açıq mənbələrdə onun nə atasının adı, nə də doğulduğu yer barədə bircə rəsmi sətir belə yoxdur.

İsmayıl Şahlı

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər