İran Borçalını o hala saldı ki, Azərbaycanın Zəfər Günü yadlarına düşmədi
Gürcüstanın cənub-şərqində, tarixi və coğrafi baxımdan azərbaycanlıların kompak şəkildə yaşadığı qədim diyar Borçalıda Zəfər Gününün qeyd olunması ilə bağlı ictimai fəallığın zəif olduğu barədə müzakirələr aparılır. Türkiyə vilayətləri İğdır və Qars bölgəsində Zəfər Gününə həsr olunmuş tədbirlər keçirildiyi halda, Borçalıda bu istiqamətdə ictimai fəallığın müqayisədə az görünməsi müəyyən suallar doğurur. Bəzi şəxslər bunu İranın bölgədə dini və ideoloji təsiri ilə əlaqələndirirlər.
İranın Borçalıda dini və ideoloji təsir imkanları varmı? Borçalıda yaşayan azərbaycanlıların milli kimliyinin qorunması istiqamətində hansı problemlər var?
Məsələ ilə TodayPress TV-yə danışan siyasi şərhçi Zəlimxan Məmmədli bildirib ki, Borçalı mənən Azərbaycanın və Türk dünyasının ayrılmaz parçasıdır.
Onun sözlərinə görə, bölgə əhalisi milli bayramlara, o cümlədən Zəfər Gününə hər zaman böyük həvəslə qoşulur və müxtəlif tədbirlər təşkil edir. Bununla belə, ekspert regionda müəyyən dini-ideoloji boşluqlardan istifadə edildiyini də təsdiqləyib:
"Borçalı mənən Azərbaycanın və Türk dünyasının ayrılmaz tamıdır. Borçalıda da Zəfər günü və digər bayramlara həvəslə qoşulur və müxtəlif səpgili tədbirlər keçirirlər. İran dini maarifləndirmə istiqamətində boşluqdan yararlanaraq islam adına molla təfəkkürünü ("fars islamını") yaymağa başladı. Müəyyən məsafə qət ediblər. Məzhəb zəminində qütbləşmə elementləri vardır".
Politoloq vurğulayıb ki, xarici ideoloji təsirlərin qarşısını almağın və Borçalıda milli şüuru gücləndirməyin ən effektiv yolu maarifləndirmə və sistemli təhsil strategiyasıdır:
"Onlara qarşı dirənişin və bölgədən uzaqlaşdırılmasının yolu yüksək səviyyəli təhsildir və yenə də təhsildir. Milli kimlik və milli şüurun da qida mənbəyi yenə də təhsil və milli ideologiyanın sistemli yayılmasından bilavasitə asılıdır", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli