Azərbaycan bayrağı Nyu-Yorkda erməniləri necə məğlub etdi?
Amerika Erməni Milli Komitəsi (ANCA) Nyu-Yorkun Boulinq Qrin parkında Azərbaycanın Zəfər Günü münasibətilə ucaldılmış bayrağının endirilməsini “böyük qələbə” kimi təqdim edir. Üstəlik, bu addımı Şuşanın azad edilməsi və Qarabağdakı erməni əhalisinin guya “etnik təmizlənməsi” ilə əlaqələndirərək, meriyanın da bu ritorikaya ortaq olduğunu tirajlayır.
Bəs əslində baş verən nədir?
Birincisi, reallıq meydanında uduzanların park dirəyi üzərindən “qisas” cəhdi.
Cənubi Qafqazın geosiyasi arxitekturası artıq dəyişib. Şuşa da, Xankəndi də Azərbaycanın suveren ərazisidir və bu reallıq nə Nyu-Yorkun hansısa parkında bayraq endirməklə, nə də bələdiyyə səviyyəli bəyanatlarla dəyişəsi deyil. 2020-ci ildə döyüş meydanında, 2023-cü ildə isə antiterror tədbirləri ilə darmadağın edilən bir ideoloji formasiyanın indi Okeanın o tayında bayraq dirəyi ilə mübarizə aparması çarəsizliyin etirafıdır.
İkincisi, seçki konyukturası və bələdiyyə populistliyi.
Nyu-York meriyasının ANCA-ya göndərdiyi cavabda yer alan standart “həmrəylik” və “100 mindən çox erməninin köçü” kimi ifadələr ABŞ daxili siyasətində yerli icmaların səsini qazanmağa hesablanmış klassik bələdiyyə populizmidir. Lakin unudulan bir həqiqət var: Qarabağdan gedən ermənilər zorla çıxarılmayıb — BMT missiyalarının və beynəlxalq müşahidəçilərin gözü qarşısında, könüllü şəkildə ərazini tərk ediblər. 30 il ərzində bir milyona yaxın azərbaycanlının öz yurdundan didərgin salınmasına göz yumanların bu gün humanitar ritorika arxasında gizlənməsi isə ikili standartların növbəti nümunəsidir.
Üçüncüsü, sülh prosesinə zərbə vuran diaspora təxribatı.
İrəvanın özünün belə Bakı ilə sülh müqaviləsi və sərhədlərin delimitasiyası ətrafında masa arxasında oturduğu bir vaxtda, ABŞ-dakı erməni lobbisi hələ də “Artsax” xülyası ilə yaşayır. ANCA-nın bu “qələbə” eyforiyası Ermənistanın dövlət maraqlarına yox, məhz xaricdəki lobbi təşkilatlarının maliyyə və siyasi gündəminə xidmət edir.
Nəticə sadədir: Nyu-Yorkda bir parkda bayrağı endirmək olar, amma Şuşa qalasının üzərində dalğalanan Azərbaycan bayrağını heç bir lobbi gücü endirə bilməz. Yerimiz də, gücümüz də ortadadır.
