TARİXDƏ İLK DƏFƏ: Rusiya Azərbaycana bu səviyyədə möhtac oldu
İttifaqlar, bəyanatlar və rejimlər müvəqqəti, coğrafiya və strateji asılılıqlar isə daha qalıcıdır.
Son günlər Rusiya-Azərbaycan münasibətlərində baş verən kəskin dinamika dəyişikliyi və Rusiya Prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi fikirlər Cənubi Qafqazın geosiyasi xəritəsində yeni reallığı gündəmə gətirib.
Azərbaycanda müxalifət mediasında “Rusiya Azərbaycan torpağını alacaq" ifadələri ətrafında yaranan ajiotaj əslində daha böyük geoiqtisadi mənzərənin anlaşılmamış görüntüsü idi. Dünyanın və regionun yenidən şəkilləndiyi bir şəraitdə Rusiyanın Azərbaycana olan strateji ehtiyacını anlamaq üçün coğrafiya, tarix və iqtisadi məcburiyyətlərin kəsişdiyi nöqtəyə baxmaq lazımdır.
Rusiyanın cənub istiqamətində Azərbaycandan asılılığı yalnız son illərin geosiyasi konyunkturası ilə bağlı deyil. Bu, böyük ölçüdə Avrasiyanın fiziki relyefinin yaratdığı reallıqdır. Şərqi Avropa düzənliyi ilə Yaxın Şərq və Cənubi Asiyanı ayıran Böyük Qafqaz dağları təbii sədd rolunu oynayır. Moskvanın bu səddi aşaraq İrana, Fars körfəzinə və Hindistana quru yolu ilə çıxması üçün əsas marşrutlardan biri Daryal keçidi üzərindən Gürcüstana, oradan isə İrana uzanan hərbi yoldur. Lakin kəskin dağlıq relyef, qış aylarında qar və uçqunlar səbəbindən yaranan məhdudiyyətlər, eləcə də Gürcüstanın Qərb yönümlü siyasəti bu marşrutun Rusiya üçün imkanlarını məhdudlaşdırır.
Digər istiqamət isə Xəzəryanı dəhlizdir. Dərbənddən keçərək Samur çayı boyunca Azərbaycana, Bakıdan isə Astara vasitəsilə İrana uzanan bu marşrut coğrafi baxımdan daha əlverişli keçid yaradır. Xəzər sahili boyunca uzanan düzənlik ərazi həm avtomobil, həm də dəmir yolu daşımaları üçün daha münasib imkanlar təqdim edir.
Məhz bu coğrafi üstünlük Azərbaycanı Rusiyanın cənuba çıxışında mühüm tranzit halqaya çevirir.
XIX əsrdə Gülüstan və Türkmənçay müqavilələrindən sonra Rusiya imperiyasının Cənubi Qafqaz və İran istiqamətində genişlənən iqtisadi əlaqələrində Bakı-Astara xətti mühüm rol oynayıb.
1941-1945-ci illərdə ABŞ və Böyük Britaniyanın SSRİ-yə göndərdiyi hərbi və logistika yardımının mühüm hissəsi İran üzərindən daşınırdı. Yüklər Astara və Bakı istiqamətindən keçərək Sovet İttifaqının digər ərazilərinə çatdırılırdı. Tarixə “Fars dəhlizi” kimi daxil olan bu marşrut SSRİ-nin müharibə illərində istifadə etdiyi mühüm təchizat xətlərindən birinə çevrilmişdi. Bu fakt da göstərir ki, Bakı və Azərbaycan ərazisi Rusiyanın cənuba çıxışı baxımından yalnız bugünkü geosiyasətdə deyil, daha əvvəlki dövrlərdə də xüsusi əhəmiyyət daşıyıb.
Müasir dövrdə isə bu coğrafi amilə iqtisadi və siyasi məcburiyyətlər əlavə olunub. 2022-ci ildən sonra Rusiya-Ukrayna müharibəsi və Qərbin tətbiq etdiyi genişmiqyaslı sanksiyalar Moskvanın əvvəlki logistika və ticarət marşrutlarını ciddi şəkildə məhdudlaşdırıb. Rusiya üçün Cənuba və Şərqə yönəlmək iqtisadi strategiyanın mühüm hissəsidir.
Hindistan, İran, Fars körfəzi ölkələri və daha geniş Asiya bazarlarına çıxış Moskva üçün xüsusi əhəmiyyət daşıyır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də məhz bu ehtiyacın nəticəsində ön plana çıxıb. Xəzər dənizi üzərindən yükdaşımalar mümkün olsa da, böyük həcmli və sürətli daşımalar üçün dəmir yolu bağlantılarının tamamlanması xüsusi əhəmiyyətlidir. Bu baxımdan Rusiya üçün Azərbaycan üzərindən keçən marşrut cənub bazarlarına çıxışda əsas quru bağlantılarından biri olaraq qalır.
Məhz bu məqam Vladimir Putinin “Valday” Diskussiya Klubunda səsləndirdiyi fikirlərin də mahiyyətini anlamaq üçün vacibdir. Rusiya lideri “Şimal-Cənub” layihəsinin quru qolunun tamamlanması üçün müvafiq kredit resurslarını ayırmağa hazır olduqlarını bildirib. Putin həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə sıx təmasda olduqlarını, Bakı ilə bu məsələdə heç bir problemin olmadığını və Azərbaycanın layihəni tam dəstəklədiyini vurğulayıb.
Bununla belə, çıxışın müəyyən hissəsi Azərbaycanda və xüsusilə sosial mediada fərqli yozumlara səbəb oldu.
Bəzi adamlar anlamırlar ki, bu proses ölkəmizə böyük dividendlər gətirir. “Şimal-Cənub” dəhlizinin mühüm hissəsi olan bu xəttin uzunluğu təxminən 160 kilometrdir. Dəmir yolunun tikintisi üçün marşrut boyunca xüsusi mülkiyyətdə olan torpaqların satın alınması və tikinti zonalarının formalaşdırılması tələb olunur. Rusiya bu layihənin maliyyələşdirilməsi üçün İrana 1,6 milyard avro kredit ayırıb. Lakin İranda torpaqların alınması və digər prosedurların uzanması layihənin icrasına təsir göstərir. Putinin açıqlamasında söhbət məhz bu problemdən gedirdi.
Ümumiyyətlə, beynəlxalq nəqliyyat layihələri çərçivəsində logistika terminallarının, yükləmə-boşaltma məntəqələrinin və müxtəlif infrastruktur obyektlərinin uzunmüddətli icarəyə verilməsi və ya birgə müəssisələr tərəfindən idarə olunması qeyri-adi praktika deyil. Dünyanın müxtəlif ölkələrində limanlar və logistika qovşaqları xarici şirkətlərin və beynəlxalq operatorların iştirakı ilə idarə olunur. Məsələn, Yunanıstanın Pirey limanında Çin şirkətinin iştirakı, eləcə də Süveyş və Rotterdam kimi qlobal nəqliyyat qovşaqlarında beynəlxalq operatorların fəaliyyəti bu modelin geniş yayıldığını göstərir.
Məgər kommersiya münasibətləri ərazi üzərində suverenliyin dəyişməsi deməkdir? Burda tranzit rüsumları, xidmət haqları və infrastrukturdan əldə olunan digər gəlirlər dövlət üçün iqtisadi üstünlük ortaya qoyur.
Bütün bunlar Cənubi Qafqazda yeni geoiqtisadi reallığın formalaşdığını göstərir. Rusiya üçün Azərbaycan təkcə siyasi və təhlükəsizlik baxımından əhəmiyyətli qonşu deyil. Bakı Moskvanın cənub bazarlarına çıxışında mühüm tranzit həlqəyə çevrilib. Bu isə münasibətlərdə qarşılıqlı asılılığın xarakterini də dəyişir.
Keçmişdə Moskva Cənubi Qafqaz ölkələri ilə münasibətlərdə əsasən hərbi-siyasi üstünlüyə söykənən təsir imkanlarından istifadə edirdisə, indiki mərhələdə iqtisadi və logistika maraqları da Rusiyanın davranışını müəyyənləşdirən mühüm amilə çevrilib. Azərbaycan isə eyni vaxtda həm “Şimal-Cənub”, həm də Şərq-Qərb, yəni Orta Dəhliz üzərində yerləşməklə regional tranzit sistemində xüsusi mövqe sahibidir.
Bakı üçün əsas məsələ bu coğrafi üstünlüyü siyasi və iqtisadi dividendlərə çevirməkdir. Azərbaycan bir tərəfdən Rusiya üçün həyati əhəmiyyət daşıyan tranzit imkanlarını öz suverenliyi çərçivəsində açıq saxlayır, digər tərəfdən Avropanın enerji təhlükəsizliyindəki rolunu qoruyur və Orta Dəhlizin inkişafında iştirak edir. Beləliklə, ölkə eyni anda bir neçə istiqaməti birləşdirən nəqliyyat və enerji qovşağına çevrilir.
“Şimal-Cənub” Rusiya, Azərbaycan, İran və daha geniş mənada Asiya ilə Avropa arasındakı iqtisadi münasibətlərin mühüm elementidir. Azərbaycanın coğrafi mövqeyi isə bu sistemdə Bakının əlində ciddi diplomatik və iqtisadi imkanlar yaradır.
Rusiya İrana və cənub bazarlarına gedən yoldan istifadə etməkdə maraqlıdır. Bu o deməkdir ki, Rusiyanın Azərbaycana ehtiyacı var və Moskva bu məsələdə Bakıdan müəyyən mənada asılıdır. Bəs niyə prosesə Azərbaycanın regional geosiyasi çəkisini artıran tranzit diplomatiyası kimi baxmayaq? Bəzi xaos yaratmağa yönəlmiş tezislərə baxmayaraq, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan nəyi, nə vaxt və hansı şərtlərlə etməli olduğunu yaxşı bilir.
Jalə Rövşən