U-23 Avropa çempionatında tarixi nəticə: Azərbaycan 4 medal qazandı
Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin yarımfinal çıxışlarına yekun vurulub. Dörd təmsilçimizdən ikisi finala yüksəlib, digər ikisi bürünc medala sahib olub.
TodayPress TV xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Zidan Hünbətov yarışı üçüncü pillədə başa vurub. Bununla da millimizin turnirdə ikinci bürünc medalı rəsmiləşib. Daha əvvəl Məhəmmədəli Aşırəliyev (60 kq) də eyni mükafatı qazanıb.
Bilalhəbaşi Nəzərov (50 kq) isə yarımfinalda İsrail təmsilçisi David Zaxarini hakimlərin yekdil qərarı ilə - 5:0 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə əldə edib.
Nicat Alırzayev (70 kq) də finalçılar sırasına qoşulub. O, fransalı Cemal Cemmalı 4:1 hesabı ilə üstələyib.
Beləliklə, Azərbaycan millisi çempionatda ən azı iki gümüş və iki bürünc medalı təmin edib. Nəzərov və Alırzayev noyabrın 24-də keçiriləcək final döyüşlərində qızıl medal uğrunda mübarizə aparacaqlar.