Müxalifət Kərkiyə sızdı, Paşinyan "xəritəni çəkdi": İrəvanda AĞIR HESABLAŞMA
“Ermənistan” fraksiyasının Qərb diplomatları və Rusiya səfiri ilə ard-arda keçirdiyi görüşlərlə paralel olaraq, digər müxalifət qüvvəsi — “Güclü Ermənistan” blokunun Kərkiyə (ermənilərin adlandırdığı Tigranaşen) səfəri diqqət çəkir.
Sentyabrın 10-da bloka daxil olan deputatlar kənd sakinləri ilə görüşərək yerli problemləri müzakirə edib və kəndin inkişafı üçün “alternativ proqram” təqdim edəcəklərini bildiriblər. Kəndin Azərbaycana qaytarılmasının yolverilməz olduğunu iddia edən müxalifətçilər bunu Kərkinin strateji mövqeyi ilə əlaqələndiriblər. Onların fikrincə, bura sadəcə bir kənd deyil, Ermənistanın şimalı ilə cənubunu birləşdirən mühüm nəqliyyat qovşağıdır və kəndin taleyi ölkənin nəqliyyat, iqtisadi və ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir.
Maraqlıdır, Kərki mövzusu Ermənistan daxili siyasətində Paşinyan hakimiyyətinə qarşı real təzyiq rıçaqına çevrilə bilərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov bildirib ki, Ermənistan müxalifəti hakimiyyət üçün problem yaratmaq axtarışındadır:
“Kərkinin Azərbaycan üçün həssas məsələ olduğunu bilirlər. Yaxşı bilirlər ki, Azərbaycan Kərkini heç vaxt Ermənistana güzəştə getməz. Ona görə də bu ərazilərə səfərlər edir, təxribatçı bəyanatlar verirlər. Onlar, eyni zamanda Ermənistan ictimaiyyətinə çatdırmaq istəyirlər ki, Paşinyan Kərkini və Qazaxın digər iki kəndini Azərbaycana geri qaytaracaq. Ən azından Paşinyan bəyan edib ki, bu kəndlər Azərbaycana məxsusdur. Paşinyan bunu bəyan etməklə rəsmi olaraq bu məsələyə nöqtə qoyub. Səmimiliyini isə zaman göstərəcək”.
Analitik Kərkinin və Qazaxın iki kəndinin Ermənistan üçün strateji əhəmiyyəti olduğunu deyib:
“Bu kəndlər Gürcüstan, Türkiyə və İranla kəsişən ərazilərdə yerləşir. Amma bu, Ermənistana həmin kəndləri geri qaytarmamaq hüququ vermir. Kərkinin qaytarılmasının Paşinyan hakimiyyətinə qarşı real təzyiq rıçaqına çevrilməsi mümkünsüzdür. Çünki bu məsələ sülh müqaviləsi imzalanana qədər həll olunmalıdır və başqa çıxış yolu da yoxdur. Azərbaycan onsuz da ehtiyac olduğu halda, Ermənistana bu kəndlərdən tranzit üçün istifadə etməyə şərait yarada bilər”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamasında Kərkinin də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat km ərazisinə daxil olmadığını qeyd edib.
Paşinyan müxalifətin Kərki kəndinin “təhvil verilməsinin yolverilməzliyi” ilə bağlı açıqlamalarını şərh edərək, bu məsələ ilə bağlı daha əvvəl səsləndirdiyi fikirləri təkrarlayıb. Onun sözlərinə görə, “biz buna icazə verməyəcəyik” deyənlər müharibəni qızışdırırlar.
Baş nazir faktı qeydə almağın bir, onu yerində həll etməyin isə başqa bir məsələ olduğunu bildirib.
“Hazırda heç bir razılaşma yoxdur. Mənim əsas vəzifəm gərginliyi azaltmaqdır ki, normal həll yollarına nail olunsun. Amma kimsə Kərkinin Ermənistanda olduğunu deyirsə, bu, ərazinin 29.743 kvadrat km deyil, məsələn, 29.750 kvadrat km olduğunu deməkdir və bu, müharibə elan etmək deməkdir”, – Paşinyan vurğulayıb.
Qiymət Mahir