Təl-Əviv HAZIRLAŞIR – Bayram günü hava həyəcanı siqnalları çalına bilər...

Təl-Əviv HAZIRLAŞIR – Bayram günü hava həyəcanı siqnalları çalına bilər...
11.09.2026 16:40 Təhlil

Bu gün İsrail İrandan ona hücum ediləcəyini gözləyir.

Tehranın yəhudi Yeni ili – Roş-Ha-Şana günlərində genişmiqyaslı zərbə endirə biləcəyi ehtimal olunur. İsrail mətbuatında mümkün hücumun vaxtı kimi 11–13 sentyabr tarixləri göstərilir.

İsrail hakimiyyətinin bu xəbərdarlığı artıq ölkənin müdafiə naziri İsrael Kats tərəfindən də səsləndirilib. Kats İranın yəhudi bayramları zamanı hücum etməsinin mümkünlüyünü istisna etməyib. İsrail müdafiə naziri daha sonra ordunun rəhbərliyi qarşısında çıxışında İranın ağır iqtisadi təzyiq altında olduğunu və bunun Tehranda daha riskli qərarların qəbul edilməsinə səbəb ola biləcəyini iddia edib.

Sözügedən ehtimalı TodayPress TV-yə şərh edən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, hazırda açıq mənbələrdə İsrail–İran qarşıdurmasının davam etdiyi, İranın iqtisadi və hərbi təzyiq altında olduğu faktdır.


Lakin 11–13 sentyabr tarixlərində konkret İran zərbəsinin baş verəcəyini təsdiqləyən etibarlı məlumatın olduğu görünmür:

“Bu tarixlər hazırda daha çox İsrail mediasında səsləndirilən ehtimal ssenarisidir. Ona görə bunu “İran həmin günlərdə mütləq hücum edəcək” kimi təqdim etmək düzgün olmazdı”.

Bəs nə üçün Roş-Ha-Şana tarixləri diqqət çəkir?

Ekspert bunu belə izah edib:

“Roş-Ha-Şana yəhudi təqviminə görə Yeni ildir. Bayram günlərində İsraildə insanların böyük hissəsinin dini və ailə tədbirlərində olması səbəbindən İranın belə bir vaxtı psixoloji və simvolik baxımdan əlverişli hesab edə biləcəyi barədə fərziyyələr irəli sürülür.

Digər tərəfdən, İsrailin əvvəlcədən belə xəbərdarlıqlar yayması da təsadüfi olmaya bilər. Burada bir neçə məqsəd mümkündür:

əhalinin hazırlıq səviyyəsini artırmaq;

İranın mümkün raket və dron hücumlarına qarşı hava hücumundan müdafiəni yüksək hazırlıq vəziyyətində saxlamaq;

İran rəhbərliyinə çəkindirmə mesajı göndərmək;

mümkün hücumun siyasi və psixoloji məsuliyyətini əvvəlcədən Tehranın üzərinə qoymaq.

Hazırkı regional vəziyyət xüsusilə gərgindir. İsrail sentyabrın 10-da Livanın cənubunda Hizbullahın böyük yeraltı infrastrukturunu məhv etdiyini açıqlayıb. İsrailin müdafiə naziri İsrael Kats və Baş nazir Netanyahu əməliyyatın başa çatdığını bildiriblər. Bu isə İranın dəstəklədiyi qüvvələrlə qarşıdurmanın davam etdiyini göstərir”.

E.Şıxəliyev düşünür ki, Tehran həqiqətən cavab zərbəsi planlaşdırırsa, onun mütləq 11–13 sentyabr tarixlərində olacağını əvvəlcədən müəyyənləşdirmək çətindir:

“İranın əvvəlki davranışına baxdıqda, cavab zərbəsinin, ballistik raketlərlə, qanadlı raketlərlə, kamikadze PUA-larla, yaxud bunların kombinasiyası ilə həyata keçirilməsi mümkündür.

Ən vacib məqam ondan ibarətdir ki, İsrailin konkret tarixləri açıqlaması İranın həmin tarixlərdə hücum edəcəyinə dair sübut deyil. Bu, kəşfiyyat məlumatlarına əsaslanan xəbərdarlıq da ola bilər, psixoloji müharibənin elementi də”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər