“Polad Həşimovun qisasını alacağam” deyən Cəbrayılın doğum günüdür
Bu gün Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin doğum günüdür.
TodayPress TV xəbər verir ki, Cəbrayıl Dövlət oğlu Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərinin Corat qəsəbəsində dünyaya göz açıb.
Əslən Zəngilan rayonundan olan Cəbrayıl ailənin böyük oğlu idi.
Orta təhsilini Sumqayıtda “Təfəkkür” liseyində və 2 saylı Qubadlı məktəbində alıb. Hələ gənc yaşlarından çalışaraq ailəsinə dayaq olub. İdmanın cüdo növü ilə məşğul olub, güclü xarakteri və iradəsi ilə seçilib.
2019-cu ildə hərbi xidmətə çağırılan Cəbrayıl Cəlilabad rayonunda sərhəd qoşunlarında xidmət keçib. 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olması ona ağır təsir edib. O zaman dostlarına “Polad Həşimovun qisasını alacağam” deyib.
Vətən müharibəsi başlayan kimi Cəbrayıl Dövlətzadə də döyüşə atılıb. Sentyabrın 27-də Murovdağ istiqamətində xüsusi təyinatlıların tərkibində düşmənə qarşı vuruşub. Sentyabrın 28-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub.
Cəmi 19 yaşı vardı...
Döyüş yoldaşlarının və anasının xatirələrinə görə, Cəbrayıl düşmən postuna hücum zamanı böyük şücaət göstərib. Əlbəyaxa döyüşdə bir neçə düşmən hərbçisini məhv edib. Daha sonra minaatan mərmisinin zərbəsi nəticəsində ağır yaralanıb və qan itkisindən şəhid olub.
O, İkinci Fəxri Xiyabanda, qəhrəman general-mayor Polad Həşimovun məzarının yaxınlığında torpağa tapşırılıb.
Cəbrayıl Dövlətzadə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün Cəbrayılın 25 yaşı tamam olacaqdı. Amma o, 19 yaşında ömrünün ən gözəl çağında Vətən uğrunda canından keçdi.
25 yaşını yaşaya bilmədi, amma adı 25, yüz, minlərlə insanın yaddaşında əbədi yaşayacaq.
Türkan İsgəndərli