Azərbaycan və Gürcüstan Ermənistanı geridə qoydu: Paşinyan qəzəbləndi
7-11 sentyabr tarixlərində Ermənistanın informasiya gündəmini əsasən daxili siyasi gərginlik, hökumət, kilsə münasibətləri, təhsil sistemindəki problemlər, enerji siyasəti, kosmik ambisiyalar və idman hadisələri formalaşdırıb.
TodayPress TV xəbər verir ki, həftə ərzində İrəvanın ictimai-siyasi gündəmində bir-birindən fərqli mövzular ön plana çıxsa da, hökumətin daxili islahatları və ölkənin regional mövqeyinin gücləndirilməsi əsas xətt olaraq qalıb.
Həftənin ilk günündə hökumətlə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma yenidən gündəmə gəlib. Kassasiya Məhkəməsi Katolikos II Qaregin və altı yepiskop barəsində cinayət işini Armavir məhkəməsinə qaytarıb. İş yepiskopun vəzifəsindən kənarlaşdırılması ilə bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı əsasında araşdırılır.
Məhkəmə prosesi indiyədək bir neçə hakimin dəyişdirilməsi və yurisdiksiya ilə bağlı mübahisələr səbəbindən uzanıb. Bu vəziyyət hökumətlə Erməni Apostol Kilsəsi arasında son dövrlərdə dərinləşən siyasi və institusional gərginliyin davam etdiyini göstərir.
Eyni zamanda, Baş nazir Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfər edə biləcəyi ilə bağlı ehtimallar da Ermənistan mediasının diqqətində olub.
Həftənin ortalarında təhsil sahəsindəki problemlər əsas müzakirə mövzusuna çevrilib. OECD-nin PISA qiymətləndirməsinin nəticələri Ermənistan üçün ciddi narahatlıq yaradıb. 15 yaşlı erməni şagirdlər riyaziyyat, təbiət elmləri və oxu bacarıqları üzrə Azərbaycan və Gürcüstanla müqayisədə daha aşağı nəticələr göstəriblər.
Mütəxəssislər nəticələri Ermənistanın təhsil sistemi üçün ciddi siqnal kimi qiymətləndirib. Mövzu hökumətin də diqqət mərkəzində olub.
Bu günlərdə enerji sektorunda da mühüm proseslər davam edib. Hökumət “Ermənistan Elektrik Şəbəkələri”nin (ENA) nəzarətə götürülməsi istiqamətində addımlarını davam etdirib.
Xarici siyasət gündəmində isə Latviya və digər Avropa ölkələri ilə əməkdaşlıq, müxtəlif protokolların imzalanması və məsləhətləşmələr ön plana çıxıb.
Baş nazir Nikol Paşinyanın Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə çıxışı həftənin diqqətçəkən hadisələrindən biri olub. Paşinyan Ermənistanın ən azı üç peyk – ikisi Yer səthinin müşahidəsi, biri isə telekommunikasiya məqsədilə orbitə çıxarılması planlarını açıqlayıb. O, bununla yanaşı, yerüstü kosmik infrastrukturun yaradılması və süni intellekt imkanlarının inkişaf etdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Paşinyan Ermənistanın artıq iki peykinin missiyasını başa vurduğunu da xatırladıb.
Həmin gün ölkədə “Tour of Armenia” beynəlxalq velosiped yarışının ilk mərhələsi keçirilib. Qavar–Mets Masrik marşrutu üzrə baş tutan və Sevan gölünün sahillərindən keçən mərhələnin qalibi polşalı velosipedçi Mixal Pomorski olub.
Ermənistan mediasında daşınmaz əmlak bazarındakı qiymət artımı da geniş müzakirə olunub. Artım əsasən Rusiyadan Ermənistana yeni köç axını ilə əlaqələndirilib.
Həftənin son günündə hökumətin iclası və Nikol Paşinyanın açıqlamaları bir sıra əsas mövzuları bir araya gətirib.
Baş nazir PISA nəticələrini sərt tənqid edərək təhsil sistemində ciddi dəyişikliklərə ehtiyac olduğunu bildirib. O, “cahil” məktəb direktorlarının vəzifədən kənarlaşdırılacağını deyib. Bununla yanaşı, Paşinyan klaster məktəb modelini müsbət qiymətləndirərək bu istiqamətdə aparılan islahatların davam etdiriləcəyini vurğulayıb.
Baş nazir Ermənistanın turizm potensialından sülh şəraitində daha geniş istifadə edə biləcəyini bildirib. Qaz təchizatının şaxələndirilməsi istiqamətində siyasətin davam etdiriləcəyini də qeyd edib.
“Tour of Armenia” velosiped yarışının gələcəkdə hər il keçirilməsi təklifi də günün diqqətçəkən mövzularından olub. Bundan əlavə, Çin və digər ölkələrlə hüquqi əməkdaşlığa dair sənədlər imzalanıb, ölkənin idman idarəetmə sisteminin rəqəmsallaşdırılması planları açıqlanıb.
Türkan İsgəndərli