Hindistan Rusiya və Çinin oyununu pozur ? - Qərbə qarşı yeni siyasi blok
"Hindistan BRICS-i Qərbə qarşı siyasi bloka çevirmək istəmir. Yeni Dehli təşkilata əsasən iqtisadi əməkdaşlıq platforması kimi yanaşır və ABŞ ilə strateji münasibətləri qorumağa çalışır".
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin BRICS sammitində iştirak etmək və Baş nazir Narendra Modi ilə ikitərəfli görüş keçirmək məqsədilə Hindistana üç günlük səfəri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya və Çin BRICS-i daha çox geosiyasi platforma kimi görsələr də, Hindistan və Braziliyanın yanaşması fərqlidir:
"Yeni Dehli BRICS çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olsa da, təşkilatın Qərb əleyhinə platformaya çevrilməsinə imkan vermək niyyətində deyil. Hindistanın mövqeyinin əsas səbəblərindən biri ölkənin iqtisadi inkişafının Qərblə münasibətlərdən ciddi şəkildə asılı olmasıdır. ABŞ Hindistanın ən böyük bazarı olmaqla yanaşı, kapital, texnologiya və investisiyanın mühüm mənbəyidir. Çin və Rusiya isə bu imkanları tam şəkildə əvəz edə bilməz".
Analitik qeyd edib ki, Yeni Dehli bununla yanaşı, Vaşinqtonun tarif siyasətindən də narazıdır:
"Hindistan BRICS çərçivəsində çoxtərəfli ticarət qaydalarının qorunmasını və beynəlxalq ticarətdə daha sabit mexanizmlərin formalaşdırılmasını dəstəkləyir. Onlar BRICS-in vahid valyuta yaratması ideyasına da isti yanaşmır. Yeni Dehli daha çox milli valyutalarla hesablaşmaların genişləndirilməsini və sərhədyanı ödənişlərin asanlaşdırılmasını dəstəkləyir".
Ekspertin qənaətincə, Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri və Çin lideri Si Cinpinin BRICS sammitində iştirakı təşkilat daxilində Rusiya, Çin və Hindistan arasında münasibətlərin dinamikasını ön plana çıxaracaq. Lakin bu görüşlərin BRICS-in vahid geosiyasi xətt formalaşdırması ilə nəticələnməsi real deyil.
"Yeni Dehli həm BRICS, həm də Qərblə münasibətlərini paralel şəkildə inkişaf etdirməklə çoxvektorlu xarici siyasət kursunu davam etdirəcək",- Elxan Şahinoğlu fikrini tamamlayıb.
Jalə Rövşən