Vətən müharibəsi qazisinin pensiyası 5 ildən sonra kəsildi: “Diaqnoz əlillik vermir dedilər" - RƏSMİ CAVAB

Vətən müharibəsi qazisinin pensiyası 5 ildən sonra kəsildi: “Diaqnoz əlillik vermir dedilər" - RƏSMİ CAVAB
11.09.2026 15:06 Sosial

2020-ci il Vətən müharibəsində Talış kəndi–Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edən, Vətən müharibəsi qazisi Məmmədov Vüqar Murquz oğlu üzləşdiyi problemlə bağlı TodayPress TV-yə müraciət edib.

O, müraciətində bildirib ki, 2020-ci il sentyabrın 30-dan qismən səfərbərliklə hərbi xidmətə cəlb olunub. Döyüşlər zamanı, oktyabrın 11-də Suqovuşan istiqamətində yerləşən 951-ci yüksəklikdə gedən döyüşlərdə ağır yaralanıb.

Şikayətçinin sözlərinə görə, səhhətində yaranmış problemlərlə əlaqədar təkrar əlillik qiymətləndirilməsi üçün müraciət edib. Lakin təxminən bir ay sonra ona “diaqnoz əlillik təyin etməyə əsas vermir” cavabı verilib.

Vüqar Məmmədov qeyd edib ki, hazırda 8 xroniki xəstəlikdən əziyyət çəkir və buna baxmayaraq əlilliyinin müəyyən edilməməsi onun üçün ciddi sosial və maddi problemlər yaradıb.

"2021-ci ilin aprel ayında II qrup əlillik təyin edilib. Həmin dövrdə əlilliyə görə 848 manat, əlavə olaraq isə 500 manat Prezident təqaüdü alırdım. Bu ödənişlər 2026-cı ilin may ayında dayandırılıb. Artıq 5 aydır ki, pensiya və müvafiq ödənişləri ala bilmirəm. Ailəmi dolandırmaqda çətinlik çəkirəm".

Ailəsinin həddindən artıq ağır maddi və sosial durumda olduğunu vurğulayan Vüqar Məmmədov evdə iki azyaşlı uşağın və insult xəstəsi olan atasının olduğunu, hətta xəstəəbaxım xərclərini belə qarşılaya bilmədiyini deyib.

"Himayəmdə 6 və 4 yaşlı iki azyaşlı uşaq, həmçinin insult keçirmiş atamvar. Atamın səhhəti də ağırdır və maddi imkansızlıq səbəbindən onun müalicəsini davam etdirməkdə çətinlik çəkir".

Şikayətçi məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına, o cümlədən Ombudsmana, Baş Prokurorluğa, Prezident Administrasiyasına və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Onun sözlərinə görə, Ombudsman Aparatından daxil olan cavabda da ona əlilliyin diaqnoza əsasən təyin edilmədiyi bildirilib.

Vüqar Məmmədov həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiyini qeyd edir. Buradan da diaqnozunun əlilliyin təyin edilməsinə əsas vermədiyi deyilib.

Müharibə iştirakçısı hesab edir ki, səhhətindəki problemlər, aldığı ağır yaralanma və xroniki xəstəlikləri yenidən obyektiv şəkildə qiymətləndirilməlidir.

"Döyüşdə yaralanmışam, səhhətimdə ciddi problemlər var. Mənim kimi vəziyyətdə olan insanların əlillik aldığı hallar da var. Mənim ailəmi dolandırmaq üçün bu ödənişlərə ehtiyacım var".

Qeyd edək ki, TodayPress TV Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə sorğu ünvanlayıb. 

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Bakı şəhər sakini 16.02.1991-ci il təvəllüdlü Məmmədov Vüqar Murquz oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında 09.06.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində əyani müayinə edilib.

Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. 

Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Vətən müharibəsi qazisinin pensiyası 5 ildən sonra kəsildi: “Diaqnoz əlillik vermir dedilər" - RƏSMİ CAVAB — 1
Vətən müharibəsi qazisinin pensiyası 5 ildən sonra kəsildi: “Diaqnoz əlillik vermir dedilər" - RƏSMİ CAVAB — 2
Vətən müharibəsi qazisinin pensiyası 5 ildən sonra kəsildi: “Diaqnoz əlillik vermir dedilər" - RƏSMİ CAVAB — 3
Vətən müharibəsi qazisinin pensiyası 5 ildən sonra kəsildi: “Diaqnoz əlillik vermir dedilər" - RƏSMİ CAVAB — 4
XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər