650 günlük etiraz, Papuaşvilinin qadağası, BMT-nin bəyanatı: Gürcüstan mediası nələri işıqlandırır?

650 günlük etiraz, Papuaşvilinin qadağası, BMT-nin bəyanatı: Gürcüstan mediası nələri işıqlandırır?
11.09.2026 18:00 Təhlil

Həftə ərzində Gürcüstan mediasının (“Civil.ge”, “JAMnews”, “Frontnews”, “On.ge”, “Radio Tavisupleba”, “Rustavi 2” və s.) informasiya gündəminə nəzər saldıqda, mütləq dominant mövzunun daxili siyasi gərginlik və artıq 650 gündən çoxdur səngiməyən etiraz aksiyaları olduğunu görürük.

Müstəqil və müxalif media orqanları xüsusilə Tbilisi və Batumidə Avropa inteqrasiyası tərəfdarlarının aksiyalarını, siyasi məhbusların azad edilməsi, repressiv qanunların ləğvi və Avro-Atlantik kursun bərpası tələblərini ön plana çıxarır. Hakimiyyət-müxalifət xəttində gərginlik pik həddə çatıb.

Parlament spikeri Şalva Papuaşvilinin müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı bəyanatları, Konstitusiya Məhkəməsinə müraciətlər, keçmiş baş nazir İrakli Qaribaşvilinin həbsxanadan yazdığı məktublar və “Gürcü Arzusu” partiyasının reaksiyaları gündəmin əsas müzakirə mövzusudur.

Söz azadlığı müstəvisində isə bloqer Tornike Razmadzenin sosial şəbəkədəki şərhinə görə Baş nazir İrakli Kobaxidzeni təhqir etməkdə ittiham olunaraq həbs edilməsi işi və media tənzimləyicisinin qərarları böyük rezonans doğurub.

Rusiya ilə münasibətlər və işğal olunmuş ərazilərdəki vəziyyət də medianın diqqət mərkəzində saxlanılır. Gürcü Pravoslav Kilsəsinin Rusiya silahlı qüvvələrindəki “Ata Qabriel Urgebadze” adlı birliyə dəstək verilməsi ilə bağlı iddiaları rədd edərək dərin narahatlığını bildirməsi mətbuatda geniş əks olunub. Eyni zamanda, işğal altındakı Abxaziyada planlaşdırılan genişmiqyaslı hərbi təlimlər, sabiq baş prokuror Otar Parçxaladzenin Rusiya tərəfində xidmət etməsi və Ukrayna müharibəsinin regiona təsirləri xüsusi həssaslıqla izlənilir.

İnsan hüquqları və beynəlxalq reaksiyalar kontekstində BMT İnsan Hüquqları Şurasında 34 ölkənin Gürcüstandakı demokratik geriləmə ilə bağlı birgə bəyanat yayması həftənin əsas xarici siyasət xəbərinə çevrilib. Beynəlxalq ictimaiyyətin siyasi məhbusların azad olunması və repressiv qanunvericiliyin ləğvi ilə bağlı Tbilisiyə etdiyi çağırışlar, Avropa İttifaqının tənqidləri və Ombudsman aparatının hesabatları müstəqil medianın diqqətindədir.

Cəmiyyət, iqtisadiyyat və beynəlxalq gündəm isə ikinci dərəcəli yer tutur. Tbilisidə yetkinlik yaşına çatmayanların qətli, narkotik əməliyyatları, nikah və boşanma statistikaları kimi daxili xəbərlərlə yanaşı, Baş nazir İrakli Kobaxidzenin Parisdə keçirilən Kosmik Sammitə səfəri və iqtisadi göstəricilər də işıqlandırılır. Qlobal müstəvidə baş verən ABŞ-İran qarşıdurması və 11 sentyabr hadisələrinin 25-ci ildönümü kimi mövzulara da toxunulur.

Ümumilikdə, monitorinq göstərir ki, Gürcüstan informasiya məkanı kəskin qütbləşib: müstəqil media diqqəti “demokratik geriləmə” və etirazlara yönəltdiyi halda, dövlətə yaxın mənbələr diqqəti hökumətin fəaliyyətinə və ölkədəki sabitlik narrativinə cəlb etməyə çalışır.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər