Bakıda ictimai nəqliyyatda yeni sistem: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?

Bakıda ictimai nəqliyyatda yeni sistem: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
11.09.2026 17:05 Sosial

Milli Məclisin deputatı Naqif Həmzəyevin sərnişinlərin metro və avtobusdan ardıcıl istifadə zamanı əlavə ödənişdən azad edilməsi ilə bağlı təklifi ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi məsələsini yenidən gündəmə gətirib.

Deputat təklif edib ki, sərnişin metrodan istifadə edərək “28 May” metro stansiyasında düşür, daha sonra avtobusla “Nizami” metro stansiyasına gedərək yoluna davam edirsə, 30 dəqiqə ərzində metrodan ikinci dəfə istifadə edərkən ondan əlavə ödəniş tutulmasın.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu cür yeniliklərin tətbiqi üçün ilk növbədə institusional aləmlərin formalaşdırılması və ödəniş sistemlərinin təkmilləşdirilməsi vacibdir.


"Bildiyimiz kimi, biz artıq "brutto müqavilə"lərinə keçirik. Bu kontraktlar daşıyıcılara hər kilometrə görə verilən subsidiyanı özündə ehtiva edir. Digər mühüm alətlərdən biri isə günlük, aylıq və illik bilet paketləridir. Bu paketlər 90 dəqiqə ərzində pulsuz keçidi nəzərdə tutur. Yəni sərnişin bir neçə nəqliyyat növünü dəyişə bilər, lakin bunun üçün yalnız bir dəfə ödəniş edir". 

Ekspert qeyd edib ki, bu cür yeniliklərin tətbiqi üçün bütün avtobus parkının tam olaraq nağdsız ödəniş sisteminə keçməsi əsas şərtlərdən biridir:

"Lakin bunun üçün, rəsmilərin elan etdiyi xəbərlərə istinad etsək, bütün avtobus parkının nağdsız ödəniş sisteminə keçməsi vacibdir. Hazırda avtobusların 88 faizində nağdsız ödəniş mümkündür, 12 faizində isə hələ də nağd ödənişdən istifadə olunur. Düşünürəm ki, ilkin mərhələdə "brutto kontrakt"ların məhz ekspres avtobuslara tətbiqi məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Eyni zamanda, 90 dəqiqəlik pulsuz keçid imkanının pilot layihə kimi ilk növbədə bu marşrutlarda tətbiq olunması sərnişinlərin qarşılaşdığı maliyyə və digər problemlərin həllinə kömək edə bilər".

Sürücülərin ödəniş prosesindən azad edilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi məsələsinə toxunan Rauf Ağamirzəyev bildirib ki, yeni sistemdə nəzarət tamamilə xüsusi qurumlara həvalə olunmalıdır:

"Digər tərəfdən, artıq ilkin xəbərlər yayılıb ki, bəzi avtobuslarda, xüsusilə ekspres avtobuslarda ikinci validator quraşdırılıb. Bu da "brutto müqavilələrdə nəzərdə tutulan mexanizmlərdən biridir. Bu sistemə əsasən, sürücü sərnişinin ödənişinə nəzarət etməməlidir. Bunun üçün xüsusi nəzarətçilər istənilən dayanacaqda avtobusa minərək sərnişinlərin ödənişlərini yoxlaya bilərlər. Xüsusi portativ terminallar vasitəsilə ödənişin edilmədiyi müəyyən olunarsa, müvafiq hallarda ödənişdən dəfələrlə yüksək, təxminən 20 dəfə artıq məbləğdə cərimə sanksiyaları tətbiq olunur".

Sonda ekspert bildirib ki, nəzərdə tutulan bu cür tədbirlərin sürətli icrası sərnişinlərin nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə optimallaşdıracaq:

"Yəni bu istiqamətdə müəyyən həllər artıq nəzərdə tutulub. Əsas məsələ onların daha sürətli şəkildə icrasını təmin etməkdir ki, bu da sərnişinlərin maliyyə xərclərinin optimallaşdırılmasına gətirib çıxarsın. Həmçinin hər avtobusda, mümkün olduğu qədər hər qapıda validatorların quraşdırılması və 90 dəqiqəlik pulsuz keçid imkanının tətbiqi daha sürətli icra olunmalı tədbirlər kimi nəzərdən keçirilə bilər. İlkin mərhələdə bu mexanizmləri "M" indeksli və ümumilikdə bu xətlərin ayrılmasının daha çox təsir göstərdiyi marşrutlarda tətbiq etmək olar. Bununla sərnişinlərin nəqliyyat xərclərinin minimuma endirilməsi mümkün olar. Növbəti mərhələdə isə bu sistemin bütün ictimai nəqliyyata inteqrasiya olunması və vahid ödəniş sisteminə tam keçidin təmin edilməsi həyata keçirilə bilər", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər