Corc Buşun ən qorxulu 24 saatı: Bank seyfində 15 il saxlanılan SİRRLƏR...
2001-ci il sentyabrın 11-də baş verən terror hücumlarından 25 il ötür. Dünya siyasətinin axarını kökündən dəyişən dəhşətli hadisə həmin gün Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinin çökməsi və Vaşinqtondan yüksələn tüstü ilə yadda qalsa da, Ağ Evdə və dövlət rəhbərliyinin pərdəarxasında yaşananlar uzun müddət qapalı qaldı.
Hadisənin 15-ci ildönümündə keçmiş mətbuat katibi Ari Fleişerin (Ari Fleischer) bank seyfində saxladığı şəxsi qeydlərini açıqlaması və Corc Buşun sonradan Dallasdakı kitabxanasında keçmiş dövlət katibi Kondoliza Rays ilə birgə verdiyi açıqlamalar 11 sentyabrın ilk saatlarındakı idarəetmə xaosunu və qərarların hansı şəraitdə verildiyini bütün gerçəkliyi ilə ortaya qoyur.
Hücum xəbəri prezident Corc Buşa Floridadakı ibtidai məktəbdə şagirdlərlə görüşü zamanı çatdırılmışdı. İlk məlumat gələndə Buş bunun pis hava şəraiti və ya pilot xətası ucbatından baş verən kiçik mülki təyyarə qəzası olduğunu düşünmüş, Nyu-Yorka lazımi köməyin göstərilməsini tapşıraraq rahatlıqla uşaqların yanına keçmişdi. Lakin şagirdlər “Keçinin nağılı” kitabını oxuyarkən administrasiya rəhbəri Endi Kard (Andy Card) ona yaxınlaşaraq ikinci təyyarənin də göydələnə çırpıldığını və Amerikanın hücuma məruz qaldığını fısıldayır. Buş “National Geographic”ə müsahibəsində bildirirdi ki, həmin an daxilində böyük qəzəb boğulurdu və “Bunu Amerika ilə kim edə bilərdi?” deyə düşünürdü. Lakin uşaqların gözü qarşısında panika yaratmamaq üçün bilərəkdən özünü saxlayırdı. Çünki uşaqların məsumluğu ilə üzləşdiyi dəhşətin ziddiyyəti ona əsas vəzifəsinin insanları qorumaq olduğunu və artıq “müharibə dövrünün prezidenti”nə çevrildiyini anlatmışdı.
Ari Fleişerin əllə tələsik yazdığı və 11 sentyabrda yaşananları təsdiqləyən yeganə sənəd sayılan qeydlər prezidentin ilk reaksiyasının dərhal qisas almaq olduğunu göstərir. Prezident təyyarəsi “Air Force One”dan vitse-prezident Dik Çeyniyə zəng vuran Buş “Biz bu o…şları tapmalıyıq, biz müharibədəyik” demiş, dəstəyi asandan sonra yanındakılara bunu edənləri tapdıqda bir prezident kimi onların xoşuna gəlməyəcək cavab verəcəyini bildirmişdi.
Təyyarə səmada dövrə vurarkən daxili təhlükəsizlik xidməti böyük gərginlik içində idi. Hətta təyyarəyə gedən yola keşikçi qvardiya düzülmüşdü, çünki içəridəki məxfi agentlərdən birinin prezidentə hücum edə biləcəyi şübhəsi var idi. Administrasiya rəhbərinin “Ən düzgün yol tozanağın yatmasını gözləməkdir” xəbərdarlığına və Fleişerin dərhal canlı efirə çıxmamaq məsləhətinə baxmayaraq, Buş təcili Vaşinqtona qayıtmaqda təkid edirdi. Şəxsi təhlükəsizliyinə fikir verməyən prezident xanımı Lauraya zəng edərək “Səni sevirəm. Ağ Evə gedirəm. Üstümə təyyarə gəlsə, bircə ümidim odur ki, İncili oxumağa macal tapım” demiş, sonra da ölkəyə hökumətin iş başında olduğunu göstərməyin vacibliyini vurğulamışdı. Ailəsinin məxfi sığınacağa aparıldığını öyrəndikdən sonra isə itini soruşmuş, Endi Kard zarafatla “Osama bin Ladenin izinə düşüb” cavabını vermişdi.
Həmin saatlarda yaşanan ən kritik məqamlardan biri havada olan bütün mülki təyyarələrin potensial raket kimi qiymətləndirilməsi idi. Hakimiyyət orqanları bütün təyyarələrə təcili eniş əmri vermişdi, lakin idarəetməni itirən 93-cü reysin Vaşinqtona yönəldiyi ehtimal ediləndə Buş və Rays ABŞ ordusunun həmin sərnişin təyyarəsini vura biləcəyindən dəhşətli dərəcədə qorxurdular.
Əslində isə sərnişinlərin terrorçulara müqavimət göstərməsi nəticəsində təyyarə Pensilvaniyada kimsəsiz ərazidə qəzaya uğradı və hökuməti öz vətəndaşlarını vurmaq kimi ağır bir qərardan xilas etdi. Baş verənlərdən dərhal sonra Buşu narahat edən başqa bir məsələ ölkə daxilində müsəlmanlara və fərqli etnik mənsubiyyətə malik insanlara qarşı nifrət dalğasının başlanması idi. Prezident dərhal məscidə baş çəkərək bildirmişdi ki, terrorizmə qarşı mübarizə dini azadlığın inkarına gətirib çıxarmamalıdır.
Hadisədən cəmi 9 gün sonra Buş ABŞ Konqresinə müraciətində terrora qarşı müharibə elan etdi və bu mübarizənin Əl-Qaidə ilə başlayıb dünyada bircə terrorçu qalmayanadək davam edəcəyini bildirdi. Məhz bu doktrina çərçivəsində başlanan Əfqanıstan əməliyyatı Taliban rejimini devirdi və ölkədə ilk dəfə qızların məktəbə getməsinə, qadınların həkim və müəllim kimi fəaliyyət göstərməsinə imkan yarandı. Lakin 20 il davam edən və ABŞ-nin ən uzun hərbi münaqişəsinə çevrilən bu müharibə 2021-ci ildə Amerika qoşunlarının geri çəkilməsi və Talibanın yenidən hakimiyyətə qayıtması ilə başa çatdı.
25 il sonra bu hadisələri qiymətləndirən Buş amerikalıların “Daxildə problemlərimiz var, xaricdə baş verənlər bizi maraqlandırmır” yanaşmasını 11 sentyabrın əsas dərsini unutmaq kimi dəyərləndirir. Keçmiş prezident inanır ki, xaricdə baş verənlər doğrudan da ABŞ-nin milli təhlükəsizliyinə təsir edir və radikalizmə, zülmə qarşı mübarizə aparan insanlara dəstək vermək lazımdır.
Çünki dünyanın harasında olursa-olsun baş verən xaos nəhayətdə qlobal təhlükəsizlik sistemini sarsıdır.
Qiymət Mahir