Budapeştdə medal həyəcanı: İki cüdoçumuz bürünc üçün tatamiyə çıxır!
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycanın iki idmançısı bürünc medal uğrunda tatamiyə çıxacaq.
TodayPress TV xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Nizami İmranov yarımfinalda Monqolustan təmsilçisi Byambasuren Ulziibayara məğlub olub. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Moldova təmsilçisi Denis Vieri ilə üz-üzə gələcək.
60 kq çəki dərəcəsində çıxış edən Murad Muradlı da bürünc medal qazanmaq imkanı əldə edib. Təsəlliverici görüşdə meydan sahibi Çanad Fetskoya qalib gələn cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Ukrayna idmançısı Artem Lesiukla qüvvəsini sınayacaq.
48 kq çəkidə yarışan Könül Əliyeva isə təsəlliverici görüşdə Niderland təmsilçisi Amber Gersjesə uduzub. Bununla da təmsilçimiz Budapeştdəki turniri yeddinci pillədə başa vurub.
Qeyd edək ki, “Böyük Dəbilqə” turnirinə sentyabrın 13-də yekun vurulacaq.
Namiq HUN