İran Gürcüstanı narkotik ilə boğmağa başladı - AÇIQLAMA
Gürcüstanda narkotik dövriyyəsinin artması və xüsusilə gənclər arasında narkotik asılılığının yaratdığı sosial fəsadlar yenidən gündəmə gəlib. Marneuli və Hucabi yeparxiyasının yepiskopu Giorgi Camdeliani son moizəsində ölkəyə kənardan narkotik vasitələrin gətirildiyini, bu fəaliyyətə himayədarlıq edən şəxslərin ola biləcəyini vurğulayaraq, problemin yalnız cəza tədbirləri ilə deyil, reabilitasiya mərkəzlərinin yaradılması ilə həll edilməsinin vacibliyini önə çəkib.
Mövcud vəziyyəti və İran-Gürcüstan marşrutunun regionun narkotik təhlükəsizliyinə təsirlərini dəyərləndirən narkomaniyaya qarşı mübarizə üzrə ekspert Emil Maqalov TodayPress TV-yə danışarkən bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bölgədəki narkotrafik marşrutlarını kökündən dəyişib.
Onun sözlərinə görə, əvvəllər narkotik daşınması əsasən işğal altında olan ərazilər üzərindən həyata keçirilirdi:
"Əvvəlki marşrut İran, Qarabağ (işğal altında olan torpaqlar), Gürcüstan və Avropa istiqamətində idi. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə İran, az da olsa, yenidən Azərbaycandan tranzit marşrutu kimi istifadə edə bilir. Lakin Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin və digər aidiyyəti qurumların səyləri nəticəsində bu tranzitin təxminən 30-40 faizinin qarşısını almaq mümkün olub".
Ekspert qeyd edib ki, Azərbaycanın sərhəd və gömrük nəzarətini gücləndirməsi narkotik şəbəkələrini alternativ yollar axtarmağa məcbur edib və hazırda əsas yük Ermənistan üzərinə düşür:
"Hazırda İran Azərbaycandan tranzit ölkə kimi istifadə etməkdə çətinlik çəkdiyindən marşrutun böyük bir hissəsini İran-Ermənistan-Gürcüstan-Avropa istiqamətinə yönəldib. Beləliklə, Azərbaycan bu marşrutdan əvvəlki dövrlə müqayisədə daha az istifadə olunan tranzit ölkəsinə çevrilib".
E.Maqalov işğal dövründə həmin ərazilərin narkotik istehsalı mərkəzinə çevrildiyini də xatırladıb:
"Əsas problemlərdən biri işğal altında olmuş ərazilərdə narkotik vasitələrin ermənilər və iranlılar tərəfindən həm əkilməsi və becərilməsi, həm də istehsalı idi. Digər mühüm problem isə həmin ərazilərin uzun müddət nəzarətsiz qalması idi".
Gürcüstan və Azərbaycandakı mövcud narkotik vəziyyətini müqayisə edən mütəxəssis, ölkəmizdə aparılan mübarizənin daha effektiv nəticələr verdiyini vurğulayıb:
"Əhalinin sayına nisbətdə narkotik istifadəçilərinin sayına gəldikdə isə Gürcüstanda bu göstəricinin Azərbaycandan daha yüksək olduğu bildirilir. Lakin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektivliyi, əhalinin sayı və ölkəmizin tranzit marşrutları üzərində yerləşməsi nəzərə alındıqda, Azərbaycan bu sahədə Gürcüstandan daha irəlidədir. Əhali sayına nisbətdə Azərbaycanda vəziyyət Gürcüstanla müqayisədə xeyli yaxşıdır. Son 5-6 il ərzində bu istiqamətdə mühüm nailiyyətlər əldə etmişik və növbəti uğurlara imza atmağa çalışırıq", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli