4 ölkənin “İslam NATO-su” ABŞ-yə meydan oxuyacaq - RƏY
Pakistan, Türkiyə, Qətər və İndoneziyanın imzaladığı “Bədr müqaviləsi” ABŞ-ın regiondakı hərbi təsirini zəiflədə biləcək yeni əməkdaşlıq formatı kimi diqqət çəkir.
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, dörd ölkənin müdafiə sənayesi sahəsində birləşməsinin əsas səbəblərindən biri ABŞ-dan müasir hərbi texnika alışında yaranan siyasi maneələrdir:
“Bədr müqaviləsinə imza atan dövlətlərin hər biri keçmişdə ABŞ-dan müxtəlif növ hərbi texnika alıb və bu proses uzun illər davam edib. Ancaq bu əməkdaşlıq getdikcə çətinləşib. Çünki ABŞ-dan müasir hərbi texnika almaq üçün Prezidentin və Pentaqonun razılığı kifayət etmir. Konqres istənilən dövlətə silah satışını əngəlləyə bilər. Türkiyənin pulunu ödədiyi F-35 təyyarələrini ala bilməməsi bunun nümunəsidir. Donald Tramp satışa qarşı çıxmasa da, məsələnin həlli onun səlahiyyətində deyil”, – deyə politoloq qeyd edib.
O qeyd edib ki, Türkiyə və Pakistanın hərbi sənayedə əldə etdiyi imkanlar Qətər və İndoneziyanın da bu əməkdaşlığa marağını artırır:
“Türkiyə son 20 ildə hərbi sənaye kompleksini xeyli inkişaf etdirib. Müasir pilotsuz uçuş aparatlarından hərbi gəmilərə, zirehli texnikadan döyüş təyyarələrinə qədər geniş istehsal imkanları var. Pakistan da Çinin dəstəyi ilə hərbi istehsalını modernləşdirə bilib. Qətər və İndoneziya bu iki ölkənin təcrübəsindən və istehsal potensialından faydalanmağa çalışırlar”.
Analitik əlavə edib ki, bu əməkdaşlığın genişlənməsi regionda hərbi-siyasi münasibətlərin yenidən formalaşmasına da təsir göstərə bilər.
“Ümumiyyətlə, Məkkə Sazişi və Bədr müqaviləsi ABŞ-ın bölgədəki hegemonluğunun azalmasını əks etdirir. Region ölkələri hərbi-texniki əməkdaşlıqlarını şaxələndirməyə ehtiyac duyurlar. Bu razılaşmalara yeni dövlətlər qoşularsa, ABŞ-ın Avrasiya bölgəsində mövqeləri zəifləyə bilər. Azərbaycan isə nə Məkkə Sazişinə, nə də Bədr müqaviləsinə qoşulub. Ölkəmiz hərbi-texniki istehsal sahəsində ikitərəfli əlaqələrə üstünlük verir”, - deyə politoloq fikrini tamamlayıb.
Jalə Rövşən