Avropa liderləri növbəyə düzüldü – Əliyevin əlini ilk kim sıxacaq...
Azərbaycan diplomatiyasının son iki-üç gün ərzində göstərdiyi performans, bəlkə də, tarixin ən möhtəşəm performansıdır. Ən azından ona görə ki, bütün Avropada Azərbaycan dövlət rəhbərliyinin və diplomatik korpusun gəlişini gözləyirdilər. Prezidentin təkcə dünən keçirdiyi tədbirlərin xülasəsi də göstərir ki, o, Avropanın 10-dan artıq ölkəsi və 8-dən artıq ölkə rəhbəri ilə görüşüb. Bütövlükdə, onların hər biri ayrı-ayrılıqda bu və ya digər formada Azərbaycanla əməkdaşlıq etməyə can atan və daha çox təklif irəli sürən tərəflərdir. Eyni zamanda, şübhə yoxdur ki, bu, Azərbaycan üçün çox böyük iqtisadi, diplomatik və siyasi imkanların nümayiş etdirildiyi vacib bir məkan və məqamdır.

Birinci ondan başlamaq lazımdır ki, Avropa İttifaqı çox düzgün addım atdı. Çinin, Amerika Birləşmiş Ştatlarının və Rusiyanın yer aldığı bugünkü qlobal güclər savaşında, bu siyasi xəritə və güc nümayişində Avropa İttifaqı ayaqda durmaq üçün dərhal yeni bir format axtarışına çıxdı – xüsusilə də Rusiya-Ukrayna müharibəsi kontekstində. Biz müşahidə etdik ki, prosesdən dərhal sonra Avropa Siyasi Birliyini təsis etmək, onun görüşlərini və konfranslarını təşkil etmək Avropa məkanının, həm də Avropa İttifaqı formatına daxil olmayan ölkələri yanına alaraq vahid bir qüvvəyə çevrilməsi yolunda atılan bir cəhd idi. Bu cəhd həm də Avropa İttifaqının kənardakı dövlətlər daxil olmadan ortaya qoya biləcəyi gücün nə qədər məhdud olduğunu göstərdi. İndi Dublində keçirilən tədbirin ana şüarına baxanda görürük ki, burada xüsusilə təhlükəsizlik, əlaqələr və enerji üzərindən qurulan dəhlizlər ön plandadır. Bizim üçün dərhal vacib olan məqam və imkanlar isə bunlardır:
Birincisi, Avropa İttifaqının baş şüarında yerləşən təhlükəsizlik problemlərinin Azərbaycansız həll olunması mümkün deyil. Axı bu gün Avropa İttifaqının 10 ölkəsini Azərbaycan enerji daşıyıcıları ilə təmin edir. Bütün Avropa İttifaqı çərçivəsində keçirilən tədbirlərin sərlövhələrində təhlükəsizlik məsələsi yer alır. Həmin təhlükəsizlik məsələsinin ən böyük kontekstini təşkil edən enerji təhlükəsizliyi isə Azərbaycansız mümkün deyil.
İkincisi, enerji siyasətinin xüsusilə Azərbaycan üzərindən qiymətləndirilməsi baş verdi. Burada bəzi siyasi məsələlərin sülh yolu ilə tənzimlənməsinə yönəlik Azərbaycan təcrübəsinin təqdir olunmasına böyük üstünlük verildi. Bu nə ilə bağlıdır? Avropa İttifaqı xəritəsini göz önünə gətirdikdə görürük ki, şimal-şərq zonasında Rusiya ilə uzanan cəbhə qurumun təhlükəsizlik arxitekturasını dağıdır. Eyni zamanda, cənub-şərq cəbhəsində də vaxtilə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 30 ildən artıq davam edən bir konflikt mövcud idi. Bu gün Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh Avropa İttifaqının gündəliyinin əsasını təşkil edir. Çünki Avropa İttifaqı hazırda xəritədəki bu naqis nöqtələrin sıradan çıxarılmasında maraqlıdır və Azərbaycan təcrübəsini Rusiya-Ukrayna məsələsinə də şamil etmək niyyətindədir. Bunun nə qədər müvəffəq olacağı başqa bir mövzudur. Amma indiki vəziyyətdə təhlükəsizlik paradiqmalarına baxışda Azərbaycansız keçinmələri mümkün deyil. Qarşıdan qış gəlir; Azərbaycan Avropa ölkələrini enerji daşıyıcıları ilə təmin etməsə, orada sözün əsl mənasında vətəndaş cəmiyyətləri və sosiumla hakimiyyətlərin qarşıdurması tamamilə fərqli bir situasiya yarada bilər ki, zatən bu məsələ hazırda Avropa İttifaqı ölkələrində çox həssaslaşıb.
Üçüncü vacib nöqtəyə diqqət yetirməliyik: Azərbaycanın gündəliyində logistika və kommunikasiya təklifləri yer almaqdadır. Bakı-Tbilisi-Ceyhan xətti üzərindən başlayan regional kommunikasiya layihələri, daha sonra Orta Dəhlizə çevrilən ideyalar və Zəngəzur dəhlizinin reallığa yaxın bir dönəmə gəlib çıxması artıq şimal və cənub müharibə xofundan kənar stabilləşdirilmiş bir mühit yaradıb. Bu da Avropa İttifaqını şərqin və qlobal cənubun iqtisadi nəhəngləri ilə təhlükəsiz şəraitdə birləşdirən körpü dövlət kimi məhz Azərbaycanı ön plana çıxarıb. Ona görə də Azərbaycanın Avropanın indiki siyasi və iqtisadi təhlükəsizlik arxitekturasında yer alması böyük bir fürsətdir. Açıq qeyd etmək lazımdır ki, cənab Prezidentin Avropa Siyasi Birliyinin görüşlərinə qatılması, hətta İrəvandakı görüşün nəticələrinə dəstək verməsi bu sammitin növbəti dəfə Bakıda reallaşması üçün böyük imkanlar açdı və qarşıdakı 2028-ci ildə biz bunu əyani olaraq görəcəyik.
Digər tərəfdən, Prezidentin bu günlərdə Elmlər Akademiyasının tədbirində Azərbaycanı "orta güc" adlandırması siyasi ideyasının ciddi fəlsəfi mənası var. Azərbaycan miqyasına görə – həm coğrafi ərazisi, həm də əhali resursu baxımından – o qədər də böyük deyil, amma bu ölkə indiki beynəlxalq münasibətlərin ən kilid nöqtələrində yerləşir. Azərbaycansız Şərqlə Qərb arasında stabil yol tapmaq mümkün deyil; bunun yeganə alternativi Afrikanın Ümid burnudur. Azərbaycan, onun yürütdüyü xarici siyasət və Azərbaycan Zəfəri olmasaydı, dünyanın gələcəyinə yönəlik müsbət proqnozlar vermək və nikbin notlarla danışmaq mümkün olmazdı.
İndiki vəziyyətdə Azərbaycan həm özünü orta güc kimi təqdim etdi və bu parametrləri tam ödədi, həm də etibarlı dövlət imicini yaradaraq yeni bir dəyər formalaşdırdı. Biz bunu beynəlxalq geosiyasi etikanın əsas anlayışı kimi işləyib təqdim etmişik. Dünya siyasi nəzəriyyəsi parametrlərinə görə bu, yeni bir fenomendir: dəyər yaradan dövlət və etimad nəzəriyyəsi. Qlobal hüquqda, beynəlxalq münasibətlər sistemində dövlətlərin bir-birinə qarşılıqlı hörmət prinsipi pozulub və müharibələrin artımı da bunun nəticəsidir. Nizam dağıldığı üçün beynəlxalq sistem və arxitektura işləmir. Azərbaycanın yürütdüyü xarici siyasət isə məhz bu nizamın bərpa olunmasına yönəlib.
Bu gün bir çox dövlətlər götürdükləri öhdəliklərə əməl etmirlər. Hər gün müxtəlif dövlət başçılarının dilindən kəskin ziddiyyət yaradan, bir-birinin əleyhinə olan bəyanatlar eşidirik. Amma Azərbaycan tərəfindən verilən bəyanatlar həmişə birmənalı şəkildə qlobal nizamın qurulmasına, müharibələrin alternativi kimi danışıqların seçilməsinə, "win-win" (qarşılıqlı fayda) prinsipinin masaya yatırılmasına, qarşılıqlı iqtisadi əməkdaşlıq və investisiya mühitinin yaradılmasına yönəlib.
Nəticə etibarilə bu, Azərbaycan xarici siyasətində şüarlardan başqa, əməli olaraq reallaşdırılan paradiqmalar üzərindən özünü göstərib. Avropanın bir çox ölkələrinin enerji daşıyıcıları – neft və qazla təmin olunmasında Azərbaycanın götürdüyü öhdəliklər üzrə konkret rəqəmlər var. Bu, həm beynəlxalq öhdəliklərlə, həm də beynəlxalq təhlükəsizlik mühiti ilə bağlıdır. Lakin bu gün neft ixrac edən digər ölkələr, hətta ərəb ölkələri belə, müharibələr və müxtəlif təbəddülatlar səbəbindən tərəfdaşlarını optimal şəkildə təmin edəcək gücdə deyillər. Azərbaycan isə 10 Avropa İttifaqı ölkəsini enerji daşıyıcıları və qazla təmin edir, TAP, TANAP kimi layihələri reallaşdırır. Bu, uzunmüddətli strategiyadır. Avropa İttifaqı Komissiyasının rəhbəri xanım Ursula von der Leyenin Bakı səfərində bir neçə onilliyi əhatə edən enerji əməkdaşlığına dair sazişin imzalanması da göstərdi ki, uzunmüddətli perspektivdə Azərbaycana böyük inam var. Azərbaycanla iqtisadi layihələr işləyəndə və böyük investisiyalar yatıranda onun nəticəsinə şübhə etmirlər. Azərbaycanın etimad məsələsi məhz bu müstəvidədir.
Eyni zamanda, Prezidentin şəxsinə yönəlik – ifadələrinə sahib çıxan, onları reallaşdıran və verdiyi sözü tutan lider imici də beynəlxalq siyasətdə indi bir çox ölkələr üçün xarakterik deyil. Bu, həm təəccüblüdür, həm də inandırıcıdır. Çünki yeni nəsil siyasətçilər, təəssüf ki, daha çox texniki siyasi səviyyədən yuxarı çıxa bilmirlər və ölkə rəhbərimizin timsalında göstərilən bu davranışı bəzən başa düşməkdə çətinlik çəkirlər. Amma bütün bunlar həm şəxsi siyasi performansdan, həm dövlət siyasətindən, həm də bu strateji coğrafiyanın qarşılığını verə bilən güclü xarici siyasət aparatının mövcudluğundan irəli gəlir.
Əziz Əlibəyli
Beynəlxalq məsələlər üzrə ekspert